“”Bayraktar” bütün dünyanın diqqət mərkəzindədir” -“Business İnsider”

  • By admin
  • 19 Sentyabr 2022 19:09

“Türkiyə istehsalı olan “Bayraktar-TB2″ operativ-taktiki döyüş dronlarının iki il əvvəl Ermənistan-Azərbaycan, indi isə Rusiya-Ukrayna müharibəsində oynadığı rol bütün dünyanın diqqət mərkəzindədir”.

Gununsesi.info-nun xəbərinə görə, redaksiyası ABŞ-ın Nyu-York şəhərində yerləşən “Business İnsider” nəşrinin dərc etdiyi məqalədə belə deyilir.

Bildirilir ki, 2020-ci ilin payızında Türkiyənin müttəfiqi olan Azərbaycanın 44 günlük müharibə zamanı Ermənistan üzərində qələbə çalmasına yardım göstərmiş “Bayraktar-TB2” dronları 2022-ci ilin fevralından başlanmış Rusiya-Ukrayna müharibəsindəki roluna görə yenidən gündəmdədir: “Bayraktar-TB2” əfsanəyə çevrilib. Bu dronları istehsal edən “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarın ötən ay Ukraynanın “Salamat qayıt” Fonduna verdiyi açıqlamaya görə, “Bayraktar-TB2”yə tələbat o qədər artıb ki, indi onu almaq istəyənlərin 3 illik növbəsi yaranıb”.

Məqalədə qeyd olunur ki, “Baykar” şirkəti ayda 20-dən çox pilotsuz təyyarə istehsal edə bilir: “Hazırda şirkət sayı artırmaq üçün Ukraynada yeni zavod tikməyi planlaşdırır.

Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətində oynadığı rol “Bayraktar-TB2”ni daha da şöhrətləndirib. İnternet məkanında pilotsuz təyyarələrin Ukrayna müqavimətinin simvoluna çevrildiyini nümayiş etdirən saysız-hesabsız videoya rast gəlmək mümkündür. “Bayraktar-TB2” dronları olmasa, Ukrayna Rusiyaya müqavimət gücünü itirə bilər”.

Nəşr vurğulayır ki, “Bayraktar-TB2” dronunun çoxsaylı imkanları onu ixrac silahına çevirib: “Hazırda 13 ölkədə bu dronlara rast gəlmək olar”.

Məqalədə xatırladılır iki, ötən həftə Ukrayna Silahlı Qüvvələri iki ədəd “Bayraktar-TB2”nin Rusiyanın 28,35 milyon dollar dəyərində hərbi texnikasını, o cümlədən bir neçə tankını, artilleriya qurğularını, piyadaların döyüş maşınlarını sıradan çıxardığını açıqlayıb.

Gununsesi.info