Bayram günlərində 40 nəfər xilas edilib - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Gununsesi.info-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

“Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, – rəsmi məlumatda bildirilib.

 

Gununsesi.info