“Əhalinin ərzaq təhlükəsizliyinin təminatı üzrə” Dövlət Proqramı hələ 2008-ci ildə qəbul olunanda hökumət üzərinə ciddi öhdəliklər götürmüşdü. Həmin öhdəliklərdən biri də süd və süd məhsullarının, kərə yağının istehsalının artımına nail olmaq idi. Lakin statistik təhlillərə nəzər yetirdikdə, nəinki artıma nail olunmayıb, ölkə daxilində kərə yağı, ümumiyyətlə istehsal edilmir. Kiçik fərdi təsərrüfatları nəzərə almasaq, bu sahə tamamilə idxal hesabına ödənilir.
Gununsesi.info xəbər verir ki, 2015-ci ildə 13.7 min ton kərə və digər süd yağları idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, idxaldaən böyük pay Yeni Zelandiyaya məxsusdur. Bundan başqa, Finladiya, Avstraliya, Litva, Fransa, Belarus, Almaniya və digər ölkələrdən də idxal olunur.
Yerli fermerlər nə üçün kərə yağı istehsal etmir?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirir ki, kərə yağı baha başa gəldiyindən fermerlərə sərf etmir: “Təəssüf ki, fermer təsərrüfatlarında süd istehsalı zamanı südün üzünü götürürlər. Südün ən yararlı hissə götürülərək, onun emali ilə məşğul olanxüsusi şəbəkələrə göndərilir. Onlar da bunu yaxşı qiymətə imkanlı şəxslərə satırlar.
Süd və süd məhsullarında yağlılığı artırmaq üçün palma, marqarin yağından istifadə olunur”.
V.Məhərrəmov bildirdi ki, təbii kərə yağının alınması üçün 3.8 faiz yağlılıqla 22 litr süd tələb olunur: “Kiçik fermer təsərrüfatları üçün 22 litrin südün yığılması, daşınması, emalı və qablaşdırılması çoxlu xərc tələb edir. 1 kq kərə yağının qiymət 10 manatı keçir. Azərbaycanda hazırda təqribən 14 manata başa gəlir. Bizim işbazlar xaricdən yağ sifariş edərkən, həmin məhsula digər bitki , qatqılar əlavə etməyi tapşırırlar. Əslində, satışda təmiz tərkibli kərə yağı yoxdur. Kərə yağının yağlılığı 84-85 faiz olmalıdır. Məhsulun üzərində belə rəqəm yazılsa da, inanmayın. Təmiz məhsul çox baha başa gəlir”.
Mütəxəssis qeyd edir ki, ölkəyə 47 min ton palma yağı gətirilir: “Palma yağının hardasa satışını görmək mümkün deyil. O zaman bu məhsul hara gedir? Təbii ki, təsərrüfatlarda, emal prosesində kərə yağını əvəzləyir. Özü də palma və kərə yağının fərqini adi halda görmək çətinir”.
Ölkə əhalisinin kərə yağına tələbatı nə qədərdir?
V.Məhərrəmovun sözlərinə görə, hər adama görə illik tələbat 2-3 kq nəzərdə tutulub: “Beləliklə, il ərzində daxili tələbat 25 min ton ətrafındadır”.
Vüsalə RÜSTƏMOVA
Guununsesi.info