BBC Gürcüstandakı azərbaycanlıların siyasətdəki yerini araşdırıb

  • By admin
  • 04 İyun 2016 11:37

gur

Bəzi azərbaycanlılar Saakaşvili hakimiyyətini, digərləri isə hazırkı iqtidarı daha effektiv hesab edir

 

Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstanda yaşayan azərbaycanlılar arasında da ali qanunverici orqana seçilmək uğrunda mübarizə aparanlar var.

Seçki hakimiyyətdə olan Gürcü Arzusu siyasi bloku üçün növbəti sınaq, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyası üçün isə dördillik fasilədən sonra yenidən iqtidar olmaq üçün əsas şansdır. 2012-ci ildə sabiq dövlət başçısı Mixeil Saakaşvilinin partiyası – Vahid Milli Hərəkat seçkini Gürcü Arzusu siyasi blokuna uduzandan sonra partiyanın 10 illik iqtidarlıq dönəmi bitdi. Son 4 il ərzində, yeni hakimiyyətin dövründə Gürcüstanda yaşayan azərbaycanlıların həyatında hansı dəyişikliklər oldu?

160603150636_ramin_bayramov_512x288_raminbayramov_nocredit

“Vəziyyət pisdir”

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının Qardabani rayonu üzrə sədri, Gürcüstan Parlamentinin sabiq üzvü Ramin Bayramov deyir ki, bütün sahələrdə vəziyyət pisləşib. Onun sözlərinə görə, bu gün azərbaycanlıları ən çox narahat edən əsas faktor kriminogen durumun nəzarətdən çıxmasıdır. “Bu, bütün Kvemo Kartli regionu üzrə belədir. 2003-cü ildən sonra azərbaycanlılar sabiq dövlət başçısı Mixeil Saakaşvilinin siyasətini dəstəkləyirdilər. Çünki onlar qanunların işləməsinin şahidi oldular. Mənə görə, azərbaycanlılar üçün əsas məsələ yalnız demokratiya və ya hansısa dəyərlər yox, həm də qanunun aliliyidir. Saakaşvili hakimiyyətinin regionda əsas nailiyyətlərindən biri qanunu pozanlara qarşı sıfır tolerantlıq proqramı idi”.

O iddia edir ki, “2012-ci ildə Gürcü Arzusu parlament seçkilərində qalib gəldikdən sonra “bütün təhlükəli kriminal elementləri sərbəst buraxdı, məhz buna görə də növbəti seçkilərdə bu proseslər davam etdi”.

Gürcü Arzusu blokunun üzvü, Marneulidən olan millət vəkili Mahir Dərziyev hesab edir ki, təmsil etdiyi iqtidarın hakimiyyəti dövründə ölkənin qazandığı nailiyyətlərdən onun azərbaycanlı vətəndaşları da heç bir ayrı-seçkilik olmadan geninə-boluna yararlanırlar.  Dərziyev deyir ki, Gürcüstanda pulsuz tibbi sığorta və səhiyyə sisteminin tətbiqinə bəzi inkişaf etmiş ölkələr həsəd apara bilər. Kriminogen durumun gərginləşməsinə münasibət bildirən millət vəkili, “Gürcüstan dünyada güvənli ölkələrin ilk sıralarında yer tutur və bizim yaşadığımız bölgə istisna deyil,” deyir.

Ramin Bayramov hesab edir ki, ötən seçkilərdə azərbaycanlılara qarşı səslərin rüşvətlə alınması prosesi həyata keçirildi. “Onlar yaxşı bilirdilər ki, bu rayonların əhalisi 2012-ci ildə Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkata səs vermişdilər. Hakim partiya tərəfdarları bizim fəalları zorla maşınlara basaraq onları qorxudur və deyirdilər ki, müxalif namizədə səs versələr ciddi problemləri olacaq. Bir məqam da var ki, bu rayonlarda yaşayan əksər soydaşımız gürcü dilini bilmədiyi üçün adi hüquqlarını belə tələb edə bilmirdilər. Hökumət də bundan istifadə edərək təzyiqlərini artırırdı.”

Mahir Dərziyev azərbaycanlılara qarşı seçkilərdə saxtakarlıq iddialarını rədd edir.

Gürcü Arzusu blokunun Parlamentdəki çoxluğunun liderlərindən biri, fraksiya rəhbəri Giya Volski bu deyilənləri “cəfəngiyyat” adlandırıb.

“Biz yerli seçkilərin nəticələrini təhlil edə bilərik. Marneulidə Gürcü Arzusunun namizədi kiçik fərqlə Vahid Milli Hərəkatın namizədinə qalib gəldi. Azərbaycanlıların yaşadığı ərazilərdə saxtakarlıq və təzyiq mexanizmləri onların hakimiyyəti dövründə olub.”

Azərbaycanlılara münasibət

Gürcüstanda azərbaycanlılara qarşı ayrı-seçkiliyin olmasına dair iddialara cavab verən Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müavini Ketevan Tsixelaşvili deyir ki, Gürcüstan qanunverciliyi milli və dini ayrıseçkiliyi qadağan edir.

O, Gürcüstan hökumətinin insan haqları və ayrıseçkiliyin aradan qaldırılması üçün ayrı-ayrı illərdə qəbul etdiyi planları misal gətirib. “Bu, azərbaycanlı vətəndaşlarımıza Gürcüstanın siyasi həyatında fəal iştirak, keyfiyyətli təhsil, sosial-iqtisadi vəziyyətlərinin təkmilləşdirilməsi və mədəniyyətlərinin inkişafı kimi imkanlara yol açır”, – xanım Tsixelaşvili BBC Azərbaycancaya yazılı göndərdiyi açıqlamasında bildirib.

O əlavə edir ki, Nazirliklərinin azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində xüsusi nümayəndəsi var və o naziri yerli və regional səviyyədə əlaqələndirir. Nazirliyin açıqlamasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli və Kaxetiya regionunda enerji, suvarma, qaz, içməli su, yol və digər infrasturkturların bərpa və yaxşılaşdırılmasının həyata keçirildiyi deyilir.

“2014-cü ildə Regional İnkişaf Fondu Kvemo Kartlidə 81, 2015-ci ildə isə 62 layihə icra edib.”

Hazırda Gürcüstanda 85 azərbaycandilli, 28 Gürcüstan-Azərbaycan təmayüllü, 3 Gürcüstan-Rusiya-Azərbaycan təmayüllü məktəblər var, hökumət deyir. “Dərsliklər pulsuz paylanılır, ali məktəblərdə isə təhsillərini doğma dillərində almaq imkanları da var”, – cənab Tsixelaşvilin açıqlamasında deyilir.

Oktyabr seçkilərində azərbaycanlıların şansları nə qədərdir?

Vahid Milli Hərəkatın üzvü Ramin Bayramov azərbaycanlıların aktiv şəkildə seçkilərdə iştirak edərək öz vətəndaşlıq vəzifəsini yerinə yetirəcəyini deyir.

“Təbii ki, seçki saxtakarlığının olacağına şübhəmiz yoxdur, təzyiqlər də olacaq. Bunlara baxmayaraq, mən əminliklə deyə bilərəm ki, hakimiyyət məğlubiyyətin bir addımlığında olduğunu gözəl bilir. Normal seçkilər olsa Vahid Milli Hərəkat böyük fərqlə qalib gələrək hakimiyyətə qayıdacaq.”

Mahir Dərziyevə görə, Vahid Milli Hərəkat Partiyasının sabit bir elektoratı vardır və bu da seçicilərin təqribən 15 faizi qədərdir. Bu partiyanın parlamentdə 15-20 deputatla təmsil olunacağı gözlənilir.

“Bu seçkilərdə azərbaycanlı əhalisinin böyük əksəriyyətinin Gürcü Arzusuna səs verəcəyinə əminəm, müxalifət spektrində isə Burcanadze, Burçuladze, Alasaniya və digər liderlərin rəhbərlik etdiyi partiyalar Vahid Milli Hərəkat qədər səs ala bilərlər. Yeri gəlmişkən, azərbaycanlıların müxalifətin bütün spektrində təmsil olunmasını icmamızın böyük uğuru hesab edirəm.”

Kənardan baxış

Azərbaycandan olan, hazırda Tbilisidə yaşayan və işləyən jurnalist Əfqan Muxtarlıya görə, Saakaşvili və onun komandasına azərbaycanlıların rəğbətinin əsas səbəbi rüşvət və korrupsiyaya qaşı mübarizəsi olub ki, bu da əhalinin iqtisadi sahədə uğur qazanmasına gətirib çıxarıb.

“İndiki hakimiyyətin dövründə iqtisadi tənəzzül, larinin qiymətdən düşməsi, torpaqların hərraca çıxarılması azərbaycanlıların güzaranını bir qədər çətinləşdirib”, – o deyir.

Hazırki iqtidarın ən böyük uğurlarından birinin tibbi sığorta olduğunu bildirdən Muxtarlı, bunu “möhtəşəm islahat” adlandırır. Ancaq o, dillə bağlı problemlərin qaldığını söyləyir: “Hər iki hakimiyyətin dövründə həll olunmamış əsas problem soydaşlarımızın gürcü dili məsələsidir. Görünür ki, onlar bu problemin həllində maraqlı deyillər. Nə keçmişdə, nə də indi azərbaycanlılar siyasi hakimiyyətdə təmsil olunmayıblar,” Muxtarlı yekunlaşdırır.

Gürcüstan hakimiyyətinin 100-dən artıq ölkəylə, o cümlədən Rusiya ilə viza rejimini ləğv etməsi, turizmin inkişafına səbəb olan faktorlardan olduğunu deyən Muxtarlı, azərbaycanlıların da bundan yararlandığını qeyd edir.

(BBC).