BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

  • By admin
  • 23 Yanvar 2018 14:52

Bu gün Bakı DövlətUniversitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıqhaqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. 
BDU-nun Mətbuat və informasiya şöbəsindən Gununsesi.info-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq, onlara universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əməkdaşlıq əlaqələrinin və imzalanacaq memorandumun əhəmiyyətini qeyd edərək beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən elmi və elmi-texniki proqramlarda, təcrübələrdə iştirakın vacibliyini bildirib.
Antiproton və İon Tədqiqatları Mərkəzini Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino Almaniyanın nüvə tədqiqat mərkəzləri və bu istiqamətdə fəaliyyət göstərən universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.
Görüşdə rəqabət qabiliyyətinin artırılması, sosial və iqtisadi sistemlərin inkişaf etdirilməsi, sosial-iqtisadi həyat standartlarının yaxşılaşdırılması üçün elm və texnologiyada əməkdaşlığın əhəmiyyəti mühüm amil kimi qiymətləndirilib, Azərbaycan ilə Almaniya elmi cəmiyyətləri arasındakı əlaqələri daha da gücləndirmək, tədqiqat mərkəzləri arasında yeni əməkdaşlıq formalarını təşviq etməyin zəruriliyi qeyd edilib. Sonra rektor, akademik Abel Məhərrəmov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Antiproton və İon Tədqiqatları Mərkəzinin Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino tərəfindən üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.

Gununsesi.info