BDU-da Xurşidbanu Natəvana həsr olunmuş elmi seminar

  • By admin
  • 29 Mart 2022 19:36

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycanda “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Xurşidbanu Natəvanın əsərlərinin nəşr tarixi” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Gülnigar Fərəcova mövzu ilə bağlı məruzə edib.
Gənc tədqiqatçı əvvəlcə “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli sərəncamını diqqətə çatdırıb. Bildirib ki, sərəncamda görkəmli şəxsiyyətin irsinə yüksək dəyər verilib, onun ədəbiyyat tariximizdəki yeri və ictimai həyatdakı xidmətləri xüsusi vurğulanıb. Sənəddə qeyd olunur ki, 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanı işğal edərkən buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdıb, Natəvanın büstünü də güllə ilə zədələyiblər. Şuşa şəhəri 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra həmin büst əzəli məkanına qaytarılıb.
Gülnigar Fərəcova məruzəsində Xurşidbanu Natəvanın əsərlərinin nəşr tarixinə nəzər salıb. Bildirib ki, ədibin “Şeirlər” adlı kitabı 1938-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən Məmməd Rahimin redaktorluğu ilə çap edilib. Kitab Xan qızının bioqrafiyası ilə başlanır, daha sonra isə ədibin qəzəlləri təqdim olunur. Sonrakı illərdə Xurşidbanu Natəvanın əsərləri müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə çap olunub. Müstəqillik illərində ədibin əsərlərinin yenidən nəşrinə diqqətin artdığını bildirən məruzəçi  Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, 2004-cü ildə görkəmli ədibin “Xurşidbanu Natəvan. Əsərləri” kitabının “Lider” nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə və kütləvi tirajla nəşrini xüsusi vurğulayıb.
Məruzəçi Xurşidbanu Natəvanın kitabları ilə yanaşı, ona həsr olunmuş kitablar, o cümlədən “Natəvan haqqında hekayələr”, “Azərbaycan yazıçılarının həyatından dəqiqələr”, “Natəvanın şair qohumları” və digər nəşrlər haqqında məlumat verib. Tədqiqatda haqqında bəhs edilən kitabların hər biri bədii tərtibat və redaktə xüsusiyyətləri baxımından şərh olunub, müəyyən ümumiləşdirmələr aparılıb, təkliflər irəli sürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısında Xurşidbanu Natəvanın da yer aldığı diqqətə çatdırılıb, yubiley ilində ədibin irsinə marağın daha da artacağı, əsərlərinin təkrar nəşrlərinin həyata keçiriləcəyi vurğulanıb.
Elmi seminar diskussiyalarla davam etdirilib.
Gununsesi.info