“Belə bir obraz yaradılıb ki, kimin yaxşı həyatı varsa, o, pis adamdır” - SABİQ DEPUTAT

  • By admin
  • 26 Avqust 2023 19:23

Psixologiya elmləri namizədi, pedaqoq, sabiq millət vəkili Gülər Əhmədova Yenisabah.az-a müsahibə verib.

Gununsesi.info həmin müsahibəni təqdim edir:

– Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəzaya düşməsindən sonra ətrafında gedən müzakirələr, antikampaniya səngimir. Sizcə, insanların ona qarşı bu qədər aqressiv olmasına səbəb nədir?

– Bloqerin qəzaya düşməsindən sonra faciəyə sevinənlər həqiqətən oldu və bu tip paylaşımlar edənlər hələ də var. Bloqerdə səhv var idi, ya yox, bu ayrı məsələdir. Lakin aydın olan bir şey var ki, bu gün Azərbaycanda bolşevizm ruhu var və artıq insanların beynində o obrazı yaradıblar. Həmin obrazı yaradan da kütləvi informasiya vasitələridir.

– KİV-lər bunu necə yaradır?

– Söhbət ondan gedir ki, bəzi informasiya vasitələrində son illərdə belə bir mənfi tendensiya yaranıb: əgər kiminsə həyat tərzində müəyyən üstünlüklər varsa, maşını, evi başqalarından yaxşıdırsa, həmin şəxs çox ciddi tənqid atəşinə tutulur. Fərq eləmir, həmin şəxs müğənnidir, aktyordur, bloqerdir, yaxud iş adamı və ya məmurdur. Belə bir obraz yaradılıb ki, kimin yaxşı həyatı varsa, o, pis adamdır.

Ona görə də insanların beynində artıq belə bir klişe yaranıb. Kimliyindən asılı olmayaraq əgər həmin şəxsin var-dövləti varsa, geyimi yaxşıdırsa, mütləq onda bir naqislik axtarılır. Kütləvi informasiya vasitələrinin bu məsələdə çox böyük rolu var. Əslində isə insanlar yaxşı yaşamaq üçün nə etməlidir yönündə təbliğat aparılmalı idi. İş o yerə çatıb ki, məşhur şəxslər çoxdan layiq olduqları hər hansı təltifi, ordeni aldıqda belə onu düşmən obrazına çevirirlər.

Rasim Balayev olayı da buna nümunə kimi göstərilə bilər. Xalq artisti çoxdan həmin ordeni haqq edib. Adam 75 yaşında orden aldı və nə qədər absurd tənqidlərlə üzləşdi.

– Bəs bunun qarşısını almaq mümkündürmü? Nə etmək lazımdır?

– Ölkədə hansı qurum dövlət səviyyəsində mətbuat siyasəti ilə məşğul olursa, bu məsələyə ciddi fikir verməlidir. Bu tək-tək çıxan səslərlə düzələsi problem deyil. Ümumi mətbuatda bu siyasət dəyişməlidir. Bu bolşevizmdən uzaqlaşmaq lazımdır. Əksinə, insanların yaxşı yaşaması üçün təlimata bənzəyən yazılar dərc olunmalıdır.

Bu gün böyük şirkətlər tez-tez elanlar verirlər, yüksək maaşla işçi axtarırlar. Buna səbəb odur ki, Azərbaycanda təcrübəli, peşəkar işçilər çox az tapılır. İnsanlar deyirlər ki, mənim diplomum var, amma iş tapa bilmirəm. Hamı diplomdan danışır, lakin həmin şəxsin hansı bacarıqları var, müasir dövrün tələblərinə cavab verir, ya yox, bu haqda heç kəs danışmır. Azərbaycanda bolşevizm ruhunu mətbuata gətirən insanlar bunu başa düşməlidir və təcili bu siyasəti dəyişməlidir. Uğurlu, zəngin insanların uğur hekayələrini göstərmək lazımdır. Düzdür, bir-iki bu cür kanal var, amma insanlar buna maraqlı deyil. Onlara maraqlı olan narkomanlardan, oğru aləmindən, meyxanaçıların həyatından danışan kanallardır.

Bu kanalların izlənmə sayı həqiqətən çoxdur. Buna psixologiyada trigger deyilir, bu insanı həyəcanlandıran mövzulardır, insanlar adrenalin istəyirlər, bu kimi mövzulara daha çox maraq göstərirlər. Ona görə də mətbuat siyasəti dəyişməlidir. Bu gün belə bir obraz var ki, kimsə fəhlədirsə, savadsızdırsa, o, yaxşı adamdır, amma pulu varsa, müəyyən bir yerə gəlib çıxıbsa, yaxşı adam deyil. Ola bilər ki, uğur qazanan  şəxsin əvvəllər atası da, anası da kasıb olub. Belə nümunələr çoxdur.

– Sizcə, bu problemlərin yaranmasında təhsilin də rolu varmı?

– Təhsil bu mövzuda həqiqətən önəmli rol oynayır, lakin söhbət yalançı ali təhsildən getmir. Bu gün yeni bir biznes növü ortaya çıxıb, tələbələrin kurs və diplom işləri pul qarşılığında yazılır. Sosial şəbəkələrdə hətta bu işlə məşğul olan “Məzun ol” adı ilə səhifə də var. Onlar elə bilir ki, tələbəyə pul qarşılığında diplom işi yazaraq ona kömək edirlər. Hüquq-mühafizə orqanları buna fikir vermirlər, yan keçirlər. Tələbə diplomu ağlının, savadının hesabına yox, biznes quran dəllaların hesabına alır. “Məzun ol” səhifəsinin açıq-aşkar sosial şəbəkələrdə fəaliyyət göstərməsi, pul qarşılığında kurs, diplom işi yazması cinayətdir. Çünki sabah həmin tələbə dövlətin qarşısında dayanacaq ki, mənim diplomum var, iş verin. Bu məsələ mütləq aktuallaşmalıdır.

Danışdığımız mövzu birtərəfli deyil, bu mövzu yeddibaşlı əjdahadır. Həmin başları bir-bir müzakirə etmək lazımdır. Bu məsələdə konseptual bir proqram işlənilməlidir.

İnsanların əlinə yalançı diplomlar verib cəmiyyətə buraxmaq narazıların sayını artırmaqdır. Çünki söhbət təkcə savaddan yox, eyni zamanda bacarıqlardan da gedir. Cəmiyyətdə absurd bir vəziyyət yaranıb.

– Gülər xanım, cəmiyyətin “narazı ordusu” niyə problemlərinin tanınmışlar tərəfindən səsləndirilməsini tələb edirlər?

– Çünki adamlar özləri sözlərini deməyə çəkinirlər. Rasim Balayev olayından misal gətirəcəyəm. Deyirlər ki, niyə Rasim Balayev bizim sözümüzü demədi? Gözləyirlər ki, tanınmış şəxslər onların sözünü desin. Bunun səbəbi var, adam başa düşür ki, özü gedib ürəyində tutduğu işi tələb etsə, o işin qarşılığında müəyyən bacarıqları ondan tələb edəcəklər. O bacarıqlar isə onda yoxdur, arzu ilə imkanlar üst-üstə düşmür.

Ona görə insanlar yerindən qışqırmağı seçirlər və istəyirlər ki, kimsə onların sözünü desin. Burada günah nə Rasim Balayevdə, nə də onu ordenlə təltif edəndədir.

Gununsesi.info