Belarusda müxalifətin daha bir lideri saxlanıb

  • By admin
  • 01 Sentyabr 2020 12:55

Belarus hüquq-mühafizə orqanları hakimiyyətin avtoritar prezident Alyaksandr Lukashenka-dan müxalifətə ötürülməsi məqsədilə yaradılmış şuranın aparıcı üzvlərindən birini saxlayıb.

Polisin maliyyə cinayətləri bölməsi avqustun 31-də Koordinasiya Şurası Rəyasət Heyətinin 7 üzvündən biri olan Lilia Vlasovanı saxlayıb, habelə onun evində axtarış aparıb.

Gununsesi.info bildirir ki, bu barədə məlumatı onun həmkarı Paval Latushka özünün Telegram postunda yayıb.

67 yaşlı Vlasova bu ayın əvvəllərində mübahisəli 9 avqust prezident seçkisinin ardınca başlanan kütləvi etiraz aksiyalarının gedişində yaradılmış şuranın rəyasət heyətinin saxlanan ən azı üç üzvündən biridir.

Rəyasət heyətinin iki üzvü 10 sutkalıq həbs edilib və 7 üzvdən azı 6-sı sorğu-sual olunub.

Belarusa 26 ildir kiI, rəhbərlik edən Lukashenka avqustun 9-da keçirilən daha bir prezident seçkisində qalib elan edilib. Lakin bu seçkinin onun xeyrinə saxtalaşdırıldığına inanılır.

Lukashenka inadından dönmür

Ölkə vətəndaşları son üç həftə ərzində seçkinin rəsmi nəticələrinə kütləvi etiraz aksiyaları keçirirlər.

Avqustun 24-də paytaxt Minskdə keçirilən aksiyada 200 mindən çox insan iştirak edib.

Lakin Lukashenka hələki istefası və seçkinin yenidən keçirilməsinə dair tələblərə məhəl qoymur. O avqustun 30-da kameralar qarşısında əlində Kalaşnikov avtomatı ilə görünərək geriyə çəkilməyəcəyini nümayiş etdirib.

Onun baş prokuroru sözü gedən şura barəsində cinayət işi açıb. O iddia edir ki, bu qurum “hakimiyyətin qanunsuz qəsb edilməsi” məqsədilə yaradılıb və “anti-Rusiya” mahiyyəti daşıyır.

Hazırda Koordinasiya Şurasının fəaliyyətində 600-dək fəal iştirak edir. Onlardan 70-ə qədəri təşkilatın “bel sütununu” təşkil edir.

Vlasovaya gəlincə isə o, 1990-cı illərdə Belarusda ilk özəl hüquq məsləhətxanasını yaradıb və Belarus Hüquqşünaslar İttifaqının üzvüdür.

Gununsesi.info