Ben-Gurion universitetinin nümayəndə heyəti ATU-da olub

  • By admin
  • 24 İyun 2016 10:28

 

13510682_10206141199838631_1164649305_n

HTML tutorial

 

İsrailin nüfuzlu Ben-Gurion universitetinin tibb mütəxəssisləri Azərbaycan Tibb Universitetində (ATU) olublar. Gununsesi.infoya ATU mətbuat xidmətindən verilən məlumata görə professorlar ATU-nun Tədris Cərrahiyyə Klinikasını gəziblər, burada tələbələr və xəstələr üçün yaradılan şəraitlə yaxından tanış olublar. İsrailli qonaqlar ATU-nun rəhbərliyi ilə də görüşü baş tutub. Tanışlıq xarakterli görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, təhsil-tədris planında dəyişikliklər sahəsində təcrübə ilə bağlı müzakirələr aparılıb.

Ben-Gurion Universitetinin Tibb elmləri fakültəsinin rəhbəri, kardiologiya üzrə professor Amos Katz təmsil etdiyi institutun fəaliyyəti, İsraildə tibb təhsili sisteminin quruluşu haqqında məlumat verib. Qeyd olunub ki, burada tibb tələbələri arasında 7 illik baza təhsilindən sonra ixtisas seçimi aparılır. İkinci növ tibbi təhsil isə 4 illik proqram üzrə keçirilir. İngilis dilində olan proqram üzrə təhsil alan tələbələr dünyanın istənilən ölkəsində praktikadan keçə bilərlər. A.Katz bildirib ki, onlar tərəfindən ictimai səhiyyə və səhiyyənin idarəolunması üzrə məzun proqramları da təşkil olunur: “Bundan əlavə, bizim komandamız təhsil-təlim formasını, tədris planını dəyişdirmək sahəsində də fəaliyyət göstərir”. Professor Katz bu məsələlər üzrə Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. ATU rektoru, professor Gəray Gəraybəyli İsrail və Azərbaycan tibb təhsili sistemləri arasındakı oxşarlıqlardan danışıb. Azərbaycanda tibb sahəsində ali təhsilin strukturu haqqında məlumat verən rektor qeyd edib ki, rəhbərlik etdiyi universitet xarici əlaqələrin daha da gücləndirilməsi, tələbə və rezidentlərin mübadiləsinin daha da genişləndirilməsində maraqlıdır. Professor Gəray Gəraybəyli ATU-da mövcud rezidentura sistemi haqqında məlumat verərək bildirib ki, əsas diqqət rezidentlərin praktiki biliklərinin artırılmasına yönəldilir: “İndiyədək Azərbaycan Tibb Universitetlərinin tələbə və rezidentləri bir sıra xarici ölkələrdə müxtəlif proqramlar üzrə təhsil alıblar, işləyiblər. Lakin bu əlaqələrin daha da genişləndirilməsinə, təcrübə mübadiləsini artırılmasına ehtiyac var”. G.Gəraybəyli bəzi sahələrdə tibb təhsilinə daha modern yanaşma tələb olunduğunu da deyib. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub, foto çəkilib. Qeyd edək ki, israilli qonaqlar bu gün ATU-nun Stomatoloji, Tədris Terapevtik və Onkoloji Klinikaları ilə tanış olacaq, anatomiya muzeylərini gəzəcəklər. Xatırladaq ki, 1969-cu ildə yaradılan Ben Gurion universiteti hazırda İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin nəzdində bütün dünya üzrə məşhur olan İrvinq Qoldman adına tibbi məktəb fəaliyyət göstərir. Burada dünyanın hər yerindən tələbələr təhsil alır.

 

Gülnaz Qənbərli