Benzinin bahalaşması qiymətlərə necə təsir göstərəcək? – İqtisadçı

“Aİ-95 markalı benzinin bahalaşmasının digər məhsulların qiymətinin bahalaşmasına birbaşa təsiri yoxdur. Lakin avtomotik olaraq, digər sahələrdə də qiymətlərin az da olsa, artdığını görə bilərik”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki. Aİ-95 markalı benzindən ancaq varlıların istifadə etdiyi barədə mif formalaşıb:

“Təbii ki, bu, doğru deyil. Aİ-95 markalı benzin “Avro-5” standartlarına cavab verir. 2015-ci ildən bu yana ölkəyə gətirilən ucuz avtomobilər var ki, onların qiyməti 10-15 min dollardır. Amma onların sənədlərində “Avro-5” yazılıb. Əgər “Avro-5”dən istifadə olunmasa, maşının motor hissəsində, yanacaq sistemində problemlər yaşanır. Onlar 2 manata benzin vura bilmədikdə, “Aİ-92” markalı benzin vuracaqlar. Bir neçə aydan sonra isə motor, yanacaq sistemi və digər hissələrdə problemlər yaranacaq. Onlar avtomobili təmir etdirərkən daha çox ziyana düşəcəklər. Bu baxımdan qiymət artımı insanlara ciddi təsir edəcək”.

N.Cəfərli benzinin bahalaşmasının yalnız iqtisadi deyil, həm də psixoloji gərginlik yaratdığını bildirib: “Bunun psixoloji təsirləri də az deyil. Hətta dövlət tərəfindən tənzimlənməyən “Aİ-95” markalı benzinin qiyməti qalxan kimi, ən azından bir gözlənti formalaşır ki, digər sahələrdə də ciddi qiymət artımı ola bilər. Bu qiymət artımı gözləntisinin özü belə psixoloji və iqtisadi gərginlik yaradır. Həmçinin avtomatik olaraq digər sahələrdə də qiymətlərin az da olsa, artdığını görə bilərik. Çünki Azərbaycanda ciddi inflyasiya, böyük qiymət artımı var. Bu, psixoloji olaraq bazara mənfi təsir göstərən amildir”.

Qeyd edək ki, bu gün Azərbaycanda “Aİ-98” super markalı benzinin qiyməti qalxıb.

Hazırda “Aİ-98” super markalı benzinin qiyməti 2.30 manat təşkil edir.

Gununsesi.info