Berlin polisi Fələstin lehinə olan növbəti nümayişi qadağan etdi

  • By admin
  • 12 Oktyabr 2023 16:43

Berlin hüquq-mühafizə orqanları Almaniyanın paytaxtında Fələstin tərəfdarı olan növbəti nümayişi qadağan edib.

Gununsesi.info Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, polis bu qərarını ictimai asayiş üçün təhlükə kimi izah edib.

Son bir neçə ilin, eləcə də yaxın keçmişin təcrübəsini paylaşan polis qeyd edib ki, nümayişin qızışdırıcı antisemit şüarlarına, eləcə də zorakılığın tərənnümünə gətirib çıxarması riski var.

Təxminən 200 nəfər cümə axşamı günorta saat 16:00-da Potsdamer Platz meydanında “Qəzza zolağında mülki əhali ilə həmrəylik” şüarı altında aksiya keçirməyi planlaşdırırdı. Polis bu və hər hansı alternativ tədbiri gələn çərşənbə gününə (18 oktyabr) qədər qadağan edib.

Daha əvvəl “Bild” qəzeti yazıb ki, oktyabrın 11-də Berlin polisi Neukölln şəhərinin mərkəzi rayonundakı idman zalının qarşısında Fələstinə dəstək məqsədilə qadağan olunmuş nümayişi dağıtmaq üçün 150 hüquq-mühafizə orqanı əməkdaşını yerləşdirib. Hüquq-mühafizə orqanları daha əvvəl antisemit şüarlardan və zorakılıq çağırışlarından ehtiyat edərək, məktəblilərin valideynləri arasından fəalların planlaşdırdığı nümayişi qadağan edib. Buna baxmayaraq, çərşənbə günü səhər saatlarında tələbələr və onların valideynləri də daxil olmaqla təxminən 20-30 nəfər Ernst Abbe Gimnaziyasının qarşısına toplaşıb. Onlar “Fələstinə azadlıq” şüarını səsləndiriblər.

Səid Əhmədli
Gununsesi.info