Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində türkoloq alim, nəsimişünas, Qafqaz regionunun tədqiqatçısı, Almaniyanın Giesen Universitetinin dosenti Dr. Mixael Reynhard Hessin müəllifi olduğu “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabın təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, siyasi elmlər doktoru Qurban Ələkbərovun moderatorluğu ilə keçirilən tədbirdə Berlin, Ştutqart, Köln şəhərlərində yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və alman alimləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, bu nəşr Avropada Şuşanın tarixi və mədəni irsi haqqında yüksək səviyyədə yazılmış ilk kitabdır.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə hazırlanmış “Şuşanın tarixi” (“History of Shusha”) adlı filmin nümayişi ilə davam edib.
Dr. M.R.Hess çıxışında kitabın yaranma ideyasından danışıb, əsas məqsədiinin Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini oxucuların diqqətinə çatdırmaq olduğunu qeyd edib.