“Berlinlə Varşava arasında Navalnı haqqında danışıq ələ keçirilib, Merkelin zəhərlənmə barədə bəyanatı quramadır” - LUKAŞENKO

  • By admin
  • 03 Sentyabr 2020 15:01

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadın verdiyi məlumata görə, A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır.

Qeyd edək ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

 

 

Gununsesi.info