Abşeronda 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən və uzun illər axtarışada olan Samir Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Gununsesi.info xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib.
Qeyd edək ki, 30 mart 2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.
Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak etmiş qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 24.05.2019-cu il tarixdə məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.
Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 01.05.2017-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulub, 18 may 2022-ci il tarixdə ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilib.
Gununsesi.info