Beş ildə 73 neftçi dənizdə batıb - MİRVARİ QƏHRƏMANLI

  • By admin
  • 16 Dekabr 2016 14:12

mirvari-qehremanli3-300x200

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı  2011-ci ildən indiyədək son 5 ildə dənizdə həlak olan və itkin düşən neftçilərlə bağlı açıqlama verib. 

Hüquq müdafiəçisi Gununsesi.info-ya verdiyi açıqlamasında qeyd edib ki, cəzasızlıq sindromu cinayətin inkişafıdır:
“- 28 sentyabr, 2011-ci il. ARDNŞ işlədiyi “Günəşli” dəniz yatağının 14-cü platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. 
– 17 avqust, 2013-cü il. Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağında “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. ARDNŞ yanğını ABŞ-ın BOOTS & COOTS servis şirkətinin mütəxəssisləri ilə birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə söndürə bilmişdi. 
– 2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo 203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas olunub, biri həlak olub. 
– 23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub. 
– 2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub. Xəsarət alan olmayıb. 
– 2014-cü il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub. 
– 2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında- qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb. 
– 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər neftçi itkin düşüb, 32 nəfəri isə xəsarət alıb”-,deyə o 5 il müddətində həlak olan və itkin düşən neftççilərlə bağlı xronoloji məlumat verib.

Gülnaz Qənbərli

Gununsesi.info