Göyçayda beton su arxının dağılması nəticəsində iki kənd susuz qalıb.
Rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığından onun suyu hazırda Qazyan arxına tökülür.
Gununsesi.org xəbərinə görə, Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali bu isti yay günlərində əkin sahələrini suvarmaq üçün çətinlik çəkirlər.
Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata əsasən, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq.
Qeyd edək ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.
Hazırda başqa kəndlər su ilə təmin olunur.