
“Sizdən xahişim odur ki, mənə məxsus obyektdə qaz sayğacının ölçüsünün dəyişdirilməsində və addan-ada keçirilməsində köməklik edəsiniz”.
Gununsesi.info xəbər verir ki, bu sözləri sahibkarlıq subyekti İbadət Nağıyev “Açıq mikrofon” aksiyası çərçivəsində Beyləqan rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib.
Sahibkar Asim Əliyev obyektdə əlavə cihaz quraşdırılması, Nürşürəvan Həsənov isə obyektin qazlaşdırılması ilə bağlı müraciət edib. Beyləqan Olimpiya İdman Kompleksinin nümayəndəsi Zaur Həmidli isə qaz xəttində baş verən sızmanın tapılmasında köməklik göstərilməsini xahiş edib.
Sahibkarlarla yanaşı, sakinlər də “Səyyar qəbul otağı”nın imkanlarından yararlanıblar. Mikrofon önünə keçən Nürşürəvan Rəhimov ona məxsus fərdi yaşayış evinin yanından keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.
Ünvanlanan suallar SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, bəzi müraciətlərin isə araşdırılması üçün yerində baxış keçirilməsi ilə bağlı tapşırıq verilib. Aksiyada Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.
Gununsesi.info