
Millət vəkili Qənirə Paşayeva Ümumdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsi ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, görüş zamanı millət vəkili Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib.
Q.Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumat verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.
O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də, beynəlxalq aləmdə nüfuzlu olanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Q.Paşayeva bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsi hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.
Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsi ilə geniş fikir mübadiləsi aparılıb. Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsi Azərbaycana gəlməkdən böyük məmuniyyət duyacağını deyib və rəhbərlik etdiyi nazirliklə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərin daha da artacağını bildirib.
Görüşün sonunda millət vəkili Q.Paşayeva Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Arab Əl Şamsiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr və materiallar təqdim edib. Görüşdə Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdiyeva, “İşgüzar Qadınlar” İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Gülnarə Xəlilova, araşdırmaçı Kəmalə Paşayeva, Arzu Bağırova, Lalə Bağırova, Tehran Nağıyeva iştirak ediblər.
Gülnaz Qənbərli
Gununsesi.info











