Beynəlxalq Bank dövlətin bir illik büdcəsi qədər vəsait itirib - EKSPERT RƏYLƏRİ

  • By admin
  • 12 May 2017 13:00

beynelxalq

Beynəlxalq  Bankın zərərli aktivləri artıq dövlət büdcəsinin həcminə çatıb.  Dünən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB)  açıqlamasına görə, vaxtı keçmiş kreditlərlə yanaşı, xarici borcunun ödənilməsi də dövlət hesabına həyata keçiriləcək.

Bankın mətbuatında qeyd edilir ki, artıq ABB-nin 9,93 mlrd. manat dəyərində toksik aktivi dövlət tərəfindən alınıb, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 mlrd. dollar və 70 mln. manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 mln. manat hissəsi kapitalın artırılmasına yönəldilib.

Qeyd edək ki, Beynəlxalq Bankla bağlı araşdırma ortaya çıxarkən, cəmi 4 milyardlıq bir  zərərli aktivlədən söhbət gedirdi. Ancaq 2 il ərzində bunun həcmi 10 milyard manatı örtməyə başlayıb. Təəssüf ki, proses qeyir-şəffaf olduğundan zərərli aktivlərinin həcminin niyə artmasına dair  məlumat  əldə etmək olmur.

ABB-nin press-relizində qeyd edilir ki,  bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoyub. Nəticədə 2016-cı ilin yekunlarına görə, beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 mlrd. manat, ABB-nin özünün isə 1,74 mlrd. manat məbləğində zərərinin açıqlanması gözlənilir.

Bankın sağlamlaşdırması prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur. Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır. Təəssüf ki, dövlət büdəcsi hesabına silinəcək xarici borcun həcmi göstərilmir.

natiq

İqtisadçı-ekspert Natiq Cəfərli Gununsesi.info-ya şərhində bildirdi ki,Beynəlxalq Bankında baş verən hadisələrin kökü hələ tam araşıdırılıb üzə çıxarilmayıb ki, nəyə görə menecmentlik bu qədər aşağı səviyyədə olu: “Kreditlər kimə verilib, niyə qaytarılmayıb? Bunları bilmək vacibdir. Çünki biz yalnız nəticələri görürük. Səbəblər kənarda qalıb. Bu gün səbəblər aradan qalxmasa, Beynəlxalq Bankda yaşananlar digər banklara da sıçramayacağına kimsə zəmanət vermir”.

İqtisadçının sözlərinə görə, ABB-də baş verən proseslər, əslində, məmurlara yaxın biznes çevrələrinin, oliqarxların hansı üstünlüklərdən istifadə etdiyini ortaya çıxardı: “Çünki 10 milyard manata yaxın toksik kreditlər dövlətin zəmanəti ilə silinib. Bundan sonra daha 4 milyardın silinməsi gözlənilir. Təqribən 1 milyarda yaxın xarici borcunu da dövlət qaytaracaq. Eyni zamanda Neft Fondu da 1 milyard manat depozit qoyub. Həmin vəsaitin də geri qaytarılması artıq müşkül məsələyə çevrilib. Neft Fondu nə vaxtsa həmin vəsaiti geri çəkmək istəsə, bankın onu geri qaytarmağa imkanı yoxdur. Əgər kapitalı olsaydı borclarını qaytarardı. Yəni bir bank dövlətin 1 illik büdcəsi qədər vəsait itirib. Bunun məsuliyyəti də olmalıdır, səbəbləri də ciddi şəkildə araşdırılmalıdır. Ona görə ki, Beynəlxalq Bankda sağlamlaşdırılma adı altında vətəndaşın cibinə yük düşür.  Belə ki, dövlətin üzərinə götürdüyü öhdəliyi dolayısı yolla vətəndaşın cibindən çıxaracaq. Halbuki həmin vəsaitlə vətəndaşların sosial öhədliklərinin genişlədirilməsinə yönəldilə bilərdi”.

N.Cəfərlinin firkincə, zərərli aktivlərin həcminin ildən-ilə artmasının səbəbi bankın hesabatlılığının və nəzarətin sıfır səviyyəsində olmasıdır: “Banka nəzarət edəcək əsas orqanlardan biri Maliyyə Nazirliyidir. Çünki Müşahidə Şurası qismində nəzarəti həyata keçirməli idi. Ciddi araşdırılmalar aparılmadan 100 milyonlarla kreditlər ayrılıb. Onlar haqqında çox az məlumata malikik. Bildiyimiz yalnız “Xəzər adaları” layihəsidir. Bank belə absurd bir layihəyə yarım milyardlıq kredit ayırıb. Çox güman ki, bu tip kreditlər çoxdur, onlar araşdırılmalıdır”.

rovsen

Digər iqtisadçı Rövşən Ağayev isə bildirir ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, proses çox şəffaf keçməlidir: “Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə sual var ki, onun cavabını indiyədək yayılan məlumatlarda görə bilmədim. Əvvəla, 1 yanvar 2016-ci il tarixə (2 ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivlərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək “Aqrarkredit”ə ötürülən 10 mlrd. manat, yoxsa daha çox. Hətta 10 mlrd. manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bu məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70%-i deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölklənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35%-dən çox olmayıb”.

R.Ağayevin sözlərinə görə, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keçmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir: “ Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədən görmək mümkündürmü? Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86%-ni və ya 7.9 mlrd. manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlulmatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər, əsasən, qaytarılmayan kreditlərlə bağlıdır. Və burdan başqa bir sual: dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir  – fiziki yoxsa hüquqi şəxslər? Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixə kreditlərin təxminən 1 mlrd. manatı və ya 14%-i fiziki şəxslərlə bağlı olub. Yerdə qalan 7 mlrd. manata yaxın kredit (bütün kteditlərin 86%-i) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri  tam yarısı – təxminən 3.5 mlrd. manatı isə 30 şirkətə verilb. Göründüyü kimi, kreditlərin konsentarsiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyük həcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir”.

İqtisadçı deyir ki, Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 mln. manatı təminatsız olub: “3.5 mlrd. manat kredit üçün daşınmaz əmlak, 2.1 mlrd. manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısa hissəsi yerində olmalıdır. Və indiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 mlrd. mantdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasıda fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirsilməsi aparılıbmı?

Statistikadan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80%-ə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi aydın olmur”.

R.Ağayev deyir ki, hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracağı məlum deyil: “2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlaırndan cəlb etdiyi kreditlərin həcmi 1.1 mlrd. dollara yaxın olub. Əlavə olaraq, 500 mln. dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 mırd. dollardan az olmadığı üzə çıxır.

Bir məqamə da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: Birincisi, bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hökumətin büdcədən xərclədiyi pullar geri qayıtmayacaq;

İkincisi, hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Və ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablamalar olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi tədqirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 mlrd. dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sulların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir”.

Vüsalə Rüstəmova

Gununsesi.info