
Bir neçə ay əvvəl Beynəlxalq Bankdan götürdüyü milyonlarla kreditləri geri qaytarmadığına görə, qandallanaraq, “Bandotdel”ə aparılan Hacı İbrahim Nehrəmli “Yeni müsavat”a müsahibə verib. Gununsesi.info-nun xəbərinə görə, iş adamı müsahibəsində siyasi gündəmə toxunaraq, özünün vitse-prezident olmaq istəyini də dilə gətirib: “Birinci vitse-prezident yox, amma ikinci vitse-prezident olmaq istərdim. İş adamı kimi”.
İş adamı həmçinin, Cahangir Hacıyevin məhkəməsində maliyyə nazirinə olan ittihamlarına da toxunub: “Bu, onların daxili mətbəxi idi. Mən də o mətbəxi bilmirdim. Ona görə də indi fikir bildirib, müdaxilə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını “bankro”t etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan”.