Beynəlxalq Bankın borclu olduğu xarici kreditorlar arasında Neft Fondu da var

  • By admin
  • 15 May 2017 14:50

fond

Xəbər verildiyi kimi,  Azərbaycan Beynəlxalq Bankı 3,3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) nail olmaq üçün Nyu-Yorkda müflisliklə bağlı məhkəməyə müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı məşhur “Wall Street Journal” qəzeti yayıb yayıb.

Azərbaycan Beynəlxaql Bankı (ABB)  yaydığı məlumatda qeyd edilir ki, Nyu-York Məhkəməsi 12 may 2017-ci il tarixində qərar qəbul etmişdir. Qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

“Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB Bankın xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət etdi. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir” – ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.

Xatirladaq ki, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur.  Bankın məlumatında bu prosesin bankın yalnız xarici öhdəliklərini əhatə edir, bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçiriləcəyi vurğulanır.

Burada diqqət çəkən məqamlardan biri, söhbət yalnız xarici öhdəliklərdən getdiyi halda, İstiqamətləndirici Restrukturizasiya Planında Azərbaycan Dövlət Neft Fondunun da 1 milyard dollarlıq depoziti salınıb.  Resturkturizasiyaya Planına salınmış borcların cədvəli aşağıdakı kimidir. (CƏDVƏL

unnamed

Göründüyü kimi, Dövlət Neft Fondunun (SOFAZ) da iki xətt üzrə depoziti resturkturizasiyaya salınıb. Belə olan vəziyyətdə Fondun vəsaitlərin aqibəti necə olacaq? Məlumdur ki, yerdə qalan 2.3 milyard dollar dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. O zaman Fondun vəsaitini kim və hansı qurum ödəyəcək?

Bununla bağlı Dövlət Neft Fonduna sorğu ünvanlamışlq. Cavab aldığımız zaman suallarımıza orada cavab tapmağa çalışacağıq.

Maliyyə sahəsi üzrə hüquqşünas Əkrəm Həsənovun fikrincə, Neft Fondunun depoziti, nəinki geri qaytarılmayacaq, əksinə mövcud xarici kreditlərin ödənilməsinin tək mənbəyi Fond olacaq.

Qeyd edək ki, ABB-nin indiyədək problemli kreditlərini sağlamlaşdırılması üçün büdcədən“Aqrarkredit”ə 10 milyard manat köçürülüb. Xarici öhdəliklərlə artıq bu rəqəm 14 milyardı haqlayıb. Eksprertlər bu rəqəm ABB-nin aktivlərindən 2 dəfə çox olduğunu deyirlər.

Əkrəm Həsənov deyir ki, ABB borclarını ödəyə bilmir və özəlləşdirilməsi ərəfəsində dövlət onun borclarını öz üzərinə götürür ki, bankı alan tapılsın: “Lakin ortada bir sıra sual və məsələ var ki, onlara aydınlıq gətirməyə ehtiyac var.  Məsələn, öhdəliklərin restrukturizasiyası nədir? Borclunun ödəmə qabiliyyətində yaranmış çətinliklərin nəzərə alınması ilə borc şərtlərinin dəyişdirilməsidir. Məsələn, borcun əsas məbləğinin və ya faizlərin tam və ya qismən bağışlanması, müddətin uzadılması, faiz dərəcəsinin azaldılması və s. ABB-nin halında isə söhbət onun 3,3 mlrd. dollar məbləğində borcunun dövlətə ötürülməsindən gedir. Yəni xaricdən götürdüyü kreditlər üzrə borclu bundan sonra dövlətimiz olacaq.

Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankı müflisdirmi? Faktiki müflisdir. Belə ki, nizamnamə kapitalı 1,2 mlrd. manat olduğu halda özünün bəyanatına əsasən ötən ili 1,74 mlrd. manat zərərlə başa vurub. Yəni zərər, nəinki onun kapitalını tam yeyib, hətta 0,5 mlrd. manat məbləğində borcun qaytarılması üçün, ümumiyyətlə, vəsaiti yoxdur. Mülki Məcəllənin 59.5-ci maddəsində isə deyilir: “Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər”. Lakin dövlətimiz onu ləğv etmək istəmədiyi üçün formal olaraq ABB müflis deyil. Belə ki, hər hansı şəxs yalnız məhkəmə qərarı əsasında müflis elan oluna bilər. ABB-yə dair isə belə qərar yoxdur. Dövlət onun borclarını öz üzərinə götürərsə, təbii, ABB müflis elan olunmayacaq. Buna görə də formal olaraq ABB müflis deyil, ödəmə qabiliyyətini itirmiş bankdır”.

Ə.Həsənova görə, dövlət (səhmdar) Mülki Məcəllənin 98.4-cü maddəsinə uyğun olaraq  səhmdar cəmiyyətinin öhdəlikləri üçün cavabdeh deyil: “Yalnız iki istisna var. Əvvəla, ABB-də dövlətimizin payı 50%-dən çox olduğu üçün Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən ABB-dəki fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Bir də dövlət ABB-nin hər hansı borcuna görə ayrıca zəmanət verdiyi hallarda həmin borca görə məsuldur. Buna görə də dövlətimiz ABB-nin xarici borclarını üzərinə götürməyib ABB-ni müflis də edə bilərdi. Bu halda fiziki şəxslərin əmanətləri  bankın hesabına qaytarılacaqdı və dövlətin üzərinə heç bir yük düşməyəcəkdi. Bankın digər borclarının əksəriyyəti isə sadəcə batacaqdı”.

“ABB-nin dərc etdiyi plana əsasən 32 borc öhdəliyi dövlətə keçəcək. Bəzi öhdəliklərin icra vaxtı artıq çatıb (deməli, ABB ödənişləri gecikdirir), bəziləri isə bu və növbəti illərdə çatacaq (sonuncu 2025-ci ildə). Cəmi borc 3,3 mlrd. dollardır. Mövcud iqtisadi durumda və dövlət büdcəsinin halında  dövlət üzərinə götürdüyü bu öhdəliyi büdcədən, yəni vergilər hesabına ödəyə bilməyəcək. Vergilərin artırılmasının isə yeri heç yoxdur, onsuz da sahibkarlar boğulur. Buna görə də açıq-aşkardır ki, bu borcları Neft Fondu ödəməli olacaq. Bir neçə dövlət şirkətimiz də başımıza belə oyun açsa, Neft Fondunun ehtiyatları tükənəcək”-Ə.Həsənov qeyd edir.

Onun sözlərinə görə, bankın reputasiyasının pis olması onun özəlləşdirilməsində problemlər yaradacaq.

Vüsalə Rüstəmova

Gununsesi.info