Məlum olduğu kimi, maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankın üzləşdiyi çətinlik və problemli kreditlər məsələsi ilə bağlı hazırda Londonda səfərdədir.
Səfərdə əsas məqsəd Beynəlxalq Bankın üzləşdiyi problemi xarici investorlarla müzakirə etmək və bu məsələdə ortaq bir məxrəcə gəlib, məsələnin həllinə nail olmaqdır. Londonda Beynəlxalq Bankla bağlı aparılan danışıqlarla əlaqədar iqtisadçı ekspert Vüqar Bayramova müraciət etdik.
Gununsesi.info-ya açıqlama verən Vüqar Bayramov bildirib ki, Londonda aparılan danışıqlar asan keçmir və asan da olmayacaq.
“Baxmayaraq ki, Azərbaycan hökuməti Beynəlxalq Bankın 10 milyard manat həcmində olan toksin borcunu öz üzərinə götürüb. Ancaq bununla yanaşı, 3,3 milyard dollar həcmində xarici borc öhdəliyi var. Bax, bu baxımdan da danışıqlar asan keçmir və bunun asan keçməcəyi də gözlənilən idi. Çünki bu danışıqlarda kreditorlarla ziyanın bölüşdürülməsi və paylaşması da müzakirə olunur. Azərbaycan tərəfi xarici borcları üç mərhələdə qaytarmaq istəyir. Bunlardan biri də kreditlərin müqavilə müddətinin uzadılmasıdır”- deyə, V.Bayramov vurğulayıb.
Ekspert əlavə edib ki, kreditorlar isə ziyanın bölüşdürülməsində elə də maraqlı görünmürlər. Vüqar Bayramov hesab edir ki, hökumət vəziyyətdən çıxış yolunu tapmalı və problemi qısa zamanda həll etməlidir, əks təqdirdə bank-maliyyə sektoru daha ciddi problemlərlə üzləşəcək: “Beynəlxalq Bankın defolt olması ilə bağlı Nyu-York məhkəməsinə müraciət etməsi, artıq bu bankın kredit reytinqinin kəskin aşağı düşməsinə gətirib çıxarıb. Hesab edirəm ki, Azərbaycan hökumətinin Beynəlxalq Bankla bağlı apardığı danışıqlar nəticə verməsə, bu, sonda Azərbaycanın kredit reytinqinin aşağı düşməsinə gətirib çıxaracaq. Ölkənin aparıcı bankının özünü müflis elan etməsi heç bir halda arzuolunan hal deyil. O baxımdan, danışıqlarda kreditorların da mövqeyini başa düşmək olar”.
V.Bayramov qeyd edib ki, danışıqlarda fərli mövqelər olduğundan danışıqlarda hansı nəticənin əldə olunacağı barədə nəsə demək çətindir: “Bircə onu demək olar ki, danışıqlar asan keçməyəcək. O baxımdan, Azərbaycan hökuməti bank sektoruna olan inamın və likvidliyin bərpa olunması üçün danışıqların nəticəli olması üçün əlindən gələni etməlidir. Əks təqdirdə bu, Azərbaycanın maliyyə-bank sektoruna mənfi təsir edəcək”.
Ekspert deyib ki, Azərbaycan hökuməti ölkənin maliyyə-bank sektoruna daha ciddi ziyan dəymədən problemin aradan qaldırılmasına nail olmalıdır: “Beynəlxalq Bankın Nyu-Yorka müflis olmaqla bağlı müraciəti təkcə Beynəlxalq Bankın kredit reytinqinin kəskin enməsinə səbəb olmayıb, bu ölkənin kredit reytinqinə, həmçinin digər banklara inamı azaldıb”.
Mürtəza
Gununsesi.info