

Beynəlxalq birlik Ermənistana işğalçı siyasətinə son verməsi ilə bağlı bu ölkəyə təzyiq etmək üçün lazımi qətiyyət və siyasi iradə ortaya qoymasa, o zaman hadisələr 2016-cı il aprel döyüşləri ssenarisində inkişaf edə bilər.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafi, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Nəsirov son günlərdə cəbhə xəttinda yaranmış gərgin vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, hadisələr bu fonda inkişafı edərsə, heç kim təminat vermir ki, “aprel döyüşləri” daha ağır formada təkrarlanmayacaq:
“Ümimiyyətlə, regionda irimiqyaslı müharibə başlaya bilər. Bunun dərk etmək üçünsə elə də xüsusi ağıl yiyəsi olmağa ehtiyac yoxdur”.
Son günlərdə baş verən vəziyyətə gəldikdə isə millət vəkili bildirib ki, Sərkisyan rejiminin niyyəti mövcud vəziyyəti maksimum qoruyub saxlamaqdır.
“Yəni, status-kvonu davamlı etməkdir. Sərkisyan rejimi bu niyyətini həyata keçirmək üçün ənənəvi taktikadan istifadə edərək, təmas xəttində təxribatlar törədir. Biz bugünlərdə Sərkisyan rejiminin siyasi və hərbi yöndən təxribatının şahidi olduq”- deyə, millət vəkili vurğulayıb.
E.Nəsirov əlavə edib ki, siyasi yönümlü təxribat dedikdə, burada söhbət işğal nəticəsində Azərbaycan torpaqlarında yaradılan separatçı rejimdə keçirilən “referendum” nəzərdə tutulur.
“Düzdür, beynəlxalq birlik nə bu rejimi, nə də onun keçirdiyi “referendumu” tanımır. Bu rejimi heç Ermənistanın özü də tanımaq iqtidarında deyil. Əslində, bu, İrəvanın danışıqlar prosesinə arxadan vurduğu zərbədir. Bununla İrəvan onsuz da münaqişəsinin nizamlanması ilə bağlı dalana dirənmiş danışıqlar prosesini məhvə aparır.
Sərkisyan rejiminin ikinci təxribatı isə fevralın 24-dən 25-nə keçən gecə həyata keçirməyə çalışdı. Ermənistan bu təxribatı ilə bir neçə məqsədə nail olmaq istəyirdi. Birincisi, Xocalı soyqırımın 25 illiyi ərəfəsində beynəlxalq birliyin diqqətini maksimum bu faciədən yayındırmaqla, öz cinayətlərini ört-basdır etməyə çalışdı. Ona görə də belə bir avantüraya əl atdı.
İkinci səbəbi Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Yəni, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və Sərkisyanın da vəziyət ürəkaçan deyil. Belə bir avantüraya əl atmaqla, Sərkisyan ölkə daxilindəki vəziyyətdən diqqəti yayındıraraq, onu cəbhə xəttinə yönəltmək istəyir.
Ən nəhayət, Sərkisyan bu avantürası ilə status-kvonu qoruyub-saxlamağa, danışıqlar prosesini pozamağa çalışır”- deyə, millət vəkili vurğulayıb.
E. Nəsirovun dediyinə görə, niyyət budur ki, danışıqlar davam etsə də, bu danışıqların predmeti torpaqların azad olunması yox, atəşkəsin qorunub-saxlanması olsun.
Beynəlxalq aləmin sərgilədiyi mövqeyə gəlincə, E. Nəsirov deyib ki, yenə də beynəlxalq birliyin susqunluğunun şahidi olduq.
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri cəbhədəki durumla bağlı bəyanat versələr də, bununla onlar ancaq yaranmış vəziyyətlə əlaqədar narahatçılıqlarını ifadə ediblər. Bundan o yana getməyiblər. Biz bu bəyantda Ermənistana qarşı hər hansı kəsərli mövqeyin şahidi olmadıq. Biz artıq beynəlxalq təşkilatların belə mövqe sərgiləmələrinə öyrənmişik və bu, artıq reallıqdır”- deyə, E. Nəsirov vurğulayıb.
Millət vəkili hesab edir ki, beynəlxalq birlik Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün ortaya qətiyyətli və siyasi iradə ortaya qoymalıdır:
“Əgər beynəlxalq birlik belə bir mövqe sərgiləməsə, o zaman hadisələr 2016-cı ilin “aprel döyüşləri” ssenarisindən də pis formada inkişaf edə bilər. O zaman heç kim təmina verə bilməz ki, “aprel döyüşləri” daha ağır formada təkrarlanmayacaq. Ümimiyyətlə, regionda irimiqyaslı müharibə başlaya bilər. Bunu dərk etmək üçünsə elə də xüsusi ağıl yiyəsi olmağa ehtiyac yoxdur”.
Mürtəza
Gununsesi.info