Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsində 19 faiz artım olub

  • By admin
  • 03 Noyabr 2016 13:52
 azal-az-al
Oktyabrda Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsində 19 faiz artım olub.
Bu barədə məlumat Gununsesi.info-ya AZAL mətbuat xidmətindən verilib.
AZAL-dan bildirilib ki,  cari ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 265 min sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.
“Ümumilikdə, 2016-cı ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 milyon sərnişinə xidmət göstərilib. Milli aviadaşıcıya 1,7 milyon sərnişin üstünlük verib, o cümlədən “Azərbaycan Hava Yolları”-nın Naxçıvan və Gəncəyə daxili uçuşlarında 468 min sərnişin daşınıb. Bu da ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir”-AZAL-dan bildirilib.
 
Yükdaşıma ilə bağlı statistikaya gəldikdə isə AZAL-dan bildirilib ki, bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınıb. 
AZAL-dan o da bildirilib ki, beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.
2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komaviatrans aviaşirkətləri, həmçinin “Pobeda” loukosteri Bakıya uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
Mürtəza 
Gununsesi.info