Beynəlxalq ictimaiyyət İlham Əliyevin təşəbbüslərini dəstəkləyir – Deputat

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının 76-cı sessiyasında ciddi təşəbbüs göstərdi ki, peyvənddən siyasi vasitələrin irqçilik aləti kimi istifadə etmək yanlışdır. O, inkişaf etmiş dövlətləri vaksin ala bilməyən yoxsul dövlətlərə yardım etməyə çağırdı ki, dünyanı bu prosesdən qurtaraq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizədə təşəbbüslərini dəstəkləyir:

“BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi istiqamətində qətnamə irəli sürmüşdü. BMT Baş Assambleyasının 3-cü komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini göstərir.

Eyni zamanda noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Afrikaya 2,5 milyon doza peyvəndin pulsuz verilməsi qəbul olundu. Azərbaycan türk dövlətləri ilə birlikdə dünyaya göstərdi ki, vaksin mövzusunda başqa bir niyyət ola bilməz, dünyanı xilas etmək lazımdır”.

Fazil Mustafa qeyd edib ki, noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində sözügedən qətnamə layihəsi müzakirə olunub və 171 ölkə qətnamənin lehinə səs verib:

“Ermənistan isə hər zamankı mövqe nümayiş etdirib. İnsani və ya humanist məsələlərdə Ermənistan vəhşi bir cəmiyyət olduğunu göstərir. Belə məsələlərdə bir qayda olaraq təşəbbüsü kimin irəli sürməsinə baxmadan dəstəkləmək lazımdır. Bu, humanist bir addımdırsa və özü təşəbbüskar dövlət ola bilmirsə, heç olmasa Prezidentin irəli sürdüyü təkliflərə açıq olmalıdır. Təəssüf ki, xislət olaraq Ermənistan Azərbaycanla düşmənçilik ruhunu davam etdirir. Bu da onu fəlakətə sürükləyir. Buna baxmayaraq, Ermənistanın hansı mövqedə olması önəmli deyil. Əsas odur ki, dünyada Azərbaycanın bu kimi təşəbbüslərinə müsbət münasibət var və bu, bizi sevindirir”.

Gununsesi.info