“Beynəlxalq ictimaiyyət, istisnasız bütün dövlətlər Qarabağı Azərbaycanın hesab edir” – Paşinyan

  • By admin
  • 30 Oktyabr 2022 12:40

“Qərb ölkələrinin Qarabağ məsələsinin həlli ilə bağlı təklifləri Ermənistan üçün qəbuledilməz deyil”.

 

“Gununsesi.info”nun “Sputnik Ermənistan”a istinadla verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının qurultayında bildirib.

Onun sözlərinə görə, bir neçə təklif var. Birinciyə əsasən, Qarabağ məsələsinə diqqət yetirmədən Ermənistan-Azərbaycan məsələsinin tənzimlənməsi və bir növ status-kvonun müşahidə edilməsi təklif olunur.

“Başqa bir yanaşma Qarabağ məsələsinin həllindən ibarətdir. Amma belə olan halda sual yarana bilər ki, kim Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, kim hesab etmir? Dünya birliyi, istisnasız bütün dövlətlər onu Azərbaycanın bir parçası hesab edirlər”,- deyə Paşinyan bildirib.

Sülhün bərqərar olmasına gəlincə, Paşinyan qeyd edib ki, əvvəlcə başa düşmək lazımdır ki, hansı fövqəldövlətlər sazişlərin həyata keçirilməsinə zəmanət verəcək və sülhün bərqərar olmasına kömək edəcək.

Xatırladaq ki, bir müddət əvvəl “Valday” klubunun iclasında Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Qərbin vasitəçilik fəaliyyətinə toxunaraq bildirib ki, sülh müqaviləsinin Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur.