
“Azərbaycan hökumətinin beynəlxalq insan haqları qurumlarını, xüsusilə, Amnesty İnternational və Human Rights Watch təşkilatlarını ölkəyə dəvət etməsi müsbət addımdır. Hesab edirəm ki, həmin qurumlar ölkəmizə səfər etməklə, Ermənistan silahlı birləşmələrinin Gəncə, Naftalan, Tərtər, Bərdə, Mingəçevir və Qəbələyə raket hucumlarının nəticəsini öz gözləri ilə görəcəklər”.
Bu sözləri Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli söyləyib.
Onun sözlərinə görə, zaman-zaman Azərbaycanda insan haqlarının durumunu tənqid etdikləri üçün bu təşkilatlarla münasibətlər gərgin olub: “Sevindirici haldır ki, biz o təşkilatları dəvət etməklə onlarla bir növ əməkdaşlığa çağırış etmiş olduq. Ermənistan və Azərbaycan arasında gedən müharibədə bizim mülki vətəndaşlar daha çox zərər görür. Ona görə də Ermənistanı beynəlxalq qınağa tuş gətirməliyik ki, döyüşü də müharibə qanunlarına uyğun aparsın”.
Qeyd edək ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Azərbaycan hökumətinin beynəlxalaq insan haqları təşkilatlarını ölkəyə dəvət etdiyini deyib.
Bir neçə gün əvvəl bəzi beynəlxalq qurumlar Azərbaycana gəlmək istədiklərini ancaq bunun rədd edildiyini bildirmişdi.
Günay
Gununsesi.info