Beynəlxalq Qadınlar Günü: BMT-nin Baş katibi qadınları dəstəkləməyə çağırır

  • By admin
  • 08 Mart 2024 16:36
quttereş

BMT-nin baş katibi Antonio Quterreş öz hüquqları uğrunda mübarizə aparan qadın və qızları dəstəkləməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin baş katibi Beynəlxalq Qadınlar Günü ilə bağlı videomüraciətində deyib. O bildirib ki, qadınlar və qızlar böyük nailiyyətlər əldə ediblər – maneələri yıxıb, stereotipləri aradan qaldıraraq və daha ədalətli və bərabər dünyaya doğru irəliləyiş əldə ediblər.

“Eyni zamanda, onlar (qadınlar) çox böyük maneələrlə üzləşirlər. Milyardlarla qadın və qız marjinallaşma, ədalətsizlik və ayrı-seçkiliklə üzləşir və qadınlara qarşı davam edən zorakılıq epidemiyası bütün bəşəriyyət üçün utancvericidir”, – Quterreş əlavə edib.

Baş katibin sözlərinə görə, müasir dünya hələ də kişilərin üstünlük təşkil etdiyi “minilliklər boyu mövcud olan güc münasibətlərini” əks etdirir.

“İnkişafın indiki tempində hüquqi bərabərliyə yalnız üç yüz ildən sonra nail olmaq mümkün olacaq. Biz daha sürətli hərəkət etməliyik”, – deyə o qeyd edib.

BMT-nin Baş katibi öz hüquqları uğrunda mübarizə aparan qadın və qızları dəstəkləməyə və tərəqqini sürətləndirməyə çağırıb. Onun sözlərinə görə, builki Beynəlxalq Qadınlar Günü mövzusunun “Qadınlara sərmayə” qoyulması patriarxiyaya son qoymağın pul tələb etdiyini xatırladır.

“Biz həmçinin biznes, maliyyə, mərkəzi banklar və maliyyə nazirliklərində qadın liderlərin sayını artırmalıyıq. Qadın hüquqları ədalətli, dinc və firavan cəmiyyətə aparan sübut olunmuş yoldur. Bu, bizim hamımız üçün faydadır”, – deyə BMT-nin baş katibi yekunlaşdırıb.

 

Gununsesi.info