Beynəlxalq təşkilat Londonu Qəzzaya dair səsvermə zamanı “bitərəf qaldığına” görə qınadı

  • By admin
  • 09 Dekabr 2023 14:14

“Save the Children” (“Uşaqların xilası”) beynəlxalq qeyri-hökumət təşkilatı BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməyə səs verərkən Böyük Britaniyanın mövqeyini qınayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın X sosial şəbəkəsindəki mesajında ​​deyilir.

“(Böyük Britaniya Baş naziri) Rişi Sunak və hökuməti bir daha Qəzzada olan uşaqlardan üz döndərməyi seçdi. Birləşmiş Krallıq BMT Təhlükəsizlik Şurasında atəşkəsə səs verməməklə, beləliklə, uşaqların yaxın saatlarda, günlərdə və həftələrdə yaşayacaqları bütün dəhşətlərin ortağı olur”, – deyə bildirilib.

“Save The Children” qeyd edib ki, qətnamə layihəsi “Qəzza zolağında zorakılığı dayandırmaq üçün əldən verilmiş fürsətdir”.

Təşkilat uzunmüddətli atəşkəsin təmin edilməsi üçün təcili toplantıya və lazımi şəraitin yaradılmasına çağırıb.

Bundan əvvəl Birləşmiş Ştatlar blokada altında olan Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.

Təhlükəsizlik Şurasının 13 üzvü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.

Dekabrın 6-da BMT-nin baş katibi Quterreş vəzifədə olduğu müddətdə ilk dəfə olaraq öz səlahiyyətlərindən istifadə edərək BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, BMT Təhlükəsizlik Şurasına müvafiq məktub göndərib.

Gununsesi.info