Beynəlxalq ictimaiyyət insan haqları və universal dəyərlər ətrafında birləşə bilmir - AMNESTY İNTERNATİONAL

  • By admin
  • 28 Mart 2023 12:52

“Rusiyanın 2022-ci ildə Ukraynanı tammiqyaslı işğala başlaması saysız hərbi cinayətlərə, qlobal enerji və ərzaq böhranına yol açdı. Ancaq bu işğal eyni zamanda Kremlin təcavüzünə reaksiya verən qərb dövlətlərinin ikiüzlülüyünü çılpaqlığı ilə ortaya qoydu”.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Amnesty International” insan haqları təşkilatı illik hesabatında bildirir.

Hesabatda deyilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə reaksiya sürətli və güclü oldu. Ancaq dövlətlər insan haqları məsələsini konkret hallar üzrə “abırsız ikiüzlülük və ikili standartlar göstərməklə” tətbiq edib, bəzi müttəfiqlərin kobud pozuntularına qarşı mənalı addım atılmayıb.

“Dövlətlər bir dəqiqə insan haqları pozuntularını tənqid edə, o biri dəqiqədə isə yalnız öz maraqlarına risk yaranır deyə, digər ölkələrin oxşar pozuntularına göz yummamalıdır. Bunu anlamaq mümkün deyil, universal insan haqlarının bütöv quruluşunu zərbə altında qoyur”, – “Amnesty International”ın baş katibi Aqne Kalamar (Agnes Callamard) deyib.

Təşkilat 2022-ci ildə 156 ölkədə insan haqlarının vəziyyətini təhlil edərək belə qənaətə gəlib ki, dünyada insan haqları sahəsində ikili standartlar hökm sürür, beynəlxalq ictimaiyyət insan haqları və universal dəyərlər ətrafında birləşə bilmir. İkili standartlar və insan haqları pozuntularına qeyri-adekvat reaksiya isə dünyada cəzasızlıq və sabitsizliyi alovlandırır.

Məsələn, hesabatda qeyd olunur ki. Aİ üzvləri Rusiyanın təcavüzündən qaçan ukraynalılara sərhədlərini açdığı bir vaxtda, bir çoxları Suriya, Əfqanıstan və Liviyada müharibə və repressiyadan canını qurtarmağa çalışanların üzünə qapılarını bağlayıb.

Yaxud Rusiyanın Ukraynada yol verdiyi pozuntuları açıq tənqid edən ABŞ on minlərlə ukraynalı qaçqını qəbul edib. Amma 2021-ci ilin sentyabrından 2022-ci ilin mayınadək 25 mindən çox haitilini ölkədən çıxarıb.

İsrailin “fələstinlilərə qarşı aparteid rejimi”nə etiraz olunmaması, Çinin uyğurlara və Sintzyan vilayətində digər müsəlman azlıqlara qarşı insan haqları pozuntuları məsələsində fəaliyyətsizlik hesabatda xüsusi qeyd olunur.

Afət

Gununsesi.info