“Həmin anda mənim üçün faciə görünən pis hadisələri illər keçdikcə deyirəm ki, nə yaxşı olub. Bunlar olmasaydı, bu yaşıma qədər hələ də yuxuda olardım. Arada yaxın dostlarım, tanışlarım deyirlər ki, Lalə, nə qəşəngləşmisən. Deyirəm ki, hə, bilsəydim, çoxdan boşanardım”.
Gununsesi.info olay-a istinadən xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində Əməkdar artist Lalə Məmmədova deyib. O, şəxsi həyatı ilə bağlı açıqlamalar verib:
“İki övladıma görə heç nəyə peşman deyiləm. Onu da yaşamalıydım ki, bu övladlarım olsun. Bəlkə başqası ilə evlənsəm, bu uşaqlarım olmayacaqdı. Hər halda dünyaya gələn hər kim olsa, mənim parçamdır, onları sevəcəkdim. Lakin indi böyüyən uşaqlarımı görürəm, deyirəm, nə yaxşı ki, onlar var. Bir film var, orada obraz həyat yoldaşına gözəl söz deyir. Söyləyir ki, əvvəllər sənin ananı günahlandırırdım, düşünürdüm ki, o, bizə imkan vermədi. Sonra mən bütün uğurlara imza atırdım ki, sən bunları görüb, necə bir xanım itirdiyinə peşman olasan, bu anı o qədər gözləyirdim ki, rastlaşacağıq, qarşıma çıxacaqsan, mən sənə bu sözləri deyəcəyəm. Sonra xanım deyir ki, bax, indi qarşımdasan, amma deməyə heç bir sözüm yoxdur. İllər keçəndən sonra anladım, ona da içimdə təşəkkür etdim ki, nə yaxşı boşanma qərarı vermişdi.
Sözsüz ki, təbiət verdiyini geri alır. Əvvəllər düşünürdüm ki, vacib olan insanların bioloji yox, ruhlarının və düşüncələrinin bir tərəzidə uyğun gəlməsidir. Amma zaman keçdikcə görürsən ki… Düzdür, boşanmağımıza bu səbəb olmayıb, lakin bəlkə on il də artıq birgə yaşasaq, bu fərqi görərdik. Öz övladlarımın heç vaxt o yaş fərqi ilə ailə qurmağını istəmərəm. İstər-istəməz özünü göstərir ki, ayrı-ayrı nəsillərdir. Məsələn, uşaqların arasında 8 yaş fərq var. Görürəm ki, böyük qızım fərqlidir, kiçik qızım da başqa cür fərqlidir. Halbuki 20-30 yaş yoxdur aralarında. Lakin o 8 il də özünü göstərir. Çoxları deyir ki, qadın sevəndə gözəlləşir. Mən ona bir əlavə olaraq deyərdim ki, əgər qadın sevərək gözəlləşməsinin bədəlini ağır ödəmirsə, gözəlləşsin. Əgər bu gözəlləşməyin sonunda çöküş, uçurum, dağın başından aşağı enmək varsa, yerində qalsın, heç gözəlləşməsin. Qadın sabahı üçün rahatdırsa, güvənlidirsə, onda gözəlləşir”.