Binəli Yıldırım: “Azərbaycanın uğuru Türkiyənin uğurudur”

  • By admin
  • 03 İyun 2016 12:17

 bineli

Azərbaycanın siyasətdəki və iqtisadiyyatdakı uğurları Türkiyənin uğurudur. Gununsesi.infotrthaber.com”a istinadla xəbər verir ki, bu sözləri Bakıya rəsmi səfəri ərəfəsində jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım deyib.
Trans-Anadolu qaz boru kəmərini (TANAP) çox mühüm və strateji layihə adlandıran Baş nazir bildirib ki, TANAP təkcə Türkiyə üçün deyil, bütün region üçün vacib əhəmiyyət daşıyır.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 9,3 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.
Gülnaz Qənbərli