Binəqədinin icra başçısı qorxu və təşviş içində- FOTO

Binəqədinin icra başçısı qorxu və təşviş içində

Xaləddin İsgəndərovun həbsinə hazırlıq gedir?

Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən qəfil uzaqlaşdırılması yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu çətin duruma salıb. İllərlə Fazil Məmmədova sığınıb Binəqədi rayonunda öz bildiyini edən, qanunları saya salmayan icra başçısı qəfildən dayaqsız qalıb. İndiki hakimiyyətdaxili münasibətlər sisteminə az-çox bələd olanlar bilirlər ki, dayaqsız qalması  Xaləddin İsgəndərova yaxşı heç nə vəd etmir. Ən yaxşı halda, ah-nalə hesabına toplanan sərvətinin əhəmiyyətli hissəsi ilə vidalaşmaq məcburiyyətində qalacaq.

İllərdir ki, Xaləddin İsgəndərov Binəqədi rayonunda istədiyini edir, şikayətlərə əhəmiyyət vermir, hətta dövlət qurumlarına belə meydan oxuyur. Onun bu rayonda “xərac topalayan” dəstələrinin olması barədə mətbuatda çoxsaylı yazılar dərc olunub. Nə qədər ki, Fazil Məmmədova etimad qalırdı, onun kadrlarına da dəyib-dolaşan olmurdu. Xaləddin İsgəndərovun əməllərindən şikayətlər qayıdıb özünə gəlirdi. Şikayət məktublarını açıb oxumadan zibil yeşiyinə tullayırdı. Fazil Məmmədova göstərilən etimad limiti bitib və onun özü hazırda qeyri-müəyyən durumdadır.

Related image

Xaləddin İsgəndərovun Fazil Məmmədovla yanaşı güvəndiyi nazirlərdən biri də Eldar Mahmudov idi. 2 il əvvəl Eldar Mahmudovun çox sərt şəkildə “vurulması”ndan sonra başçının ümidi yalnız vergilər naziri olan qaynına idi. Binəqədidə dəhşətli yanğı olayında, Beynəlxalq Avtovağzalın ətrafındakı torpağın sürüşmə zonasına çevrilməsində də Xaləddin İsgəndərovun adı “qırmızı xətlə” keçirdi. Amma ona dəyib-dolaşmırdılar. İndi vəziyyət dəyişib. Başçı qorxu, təşviş içindədir. Deyilənə görə, hətta yanan binaya görə bu qədər qorxu keçirməmişdi. O zaman icra başçısı yanan binaya görə bütün məsuliyyəti açıq şəkildə Hacıbala Abutalıbovla Fövqəladə Hallar Nazirliyinin üzərinə yönləndirən açıqlama vermişdi.

Həmin günlərdə arxasında 2 güclü nazir dayandığından Xaləddin İsgəndərov özündən başqa hər kəsi suçlu çıxara bilirdi. İndi isə başçı arxa-dayaqsız qalıb.

Daha Binəqədi ərazisində Xaləddin İsgəndərovun “qoçu dəstələri” də gözə dəymir. Özünü və ailəsini qoruyan mühafizə dəstələri də əhəmiyyətli dərəcədə azaldılıb. Əvvəllər icra başçısı bir yerə gedərkən onu 6-7 maşın müşayiət edir, həmin maşınlarda mühafizəçilər olurdu. Xaləddin İsgəndərovun oğlu da atası kimi şəhərdə ən azı 4-5 maşının müşayiəti ilə gəzirdi. Hazırda isə vəziyyət dəyişib. Xaləddin İsgəndərov daha sadə həyat tərzinə keçib, daha çox ünsiyyətcil olub. Qəbuluna gələnləri də daha qapıdan qovmurlar. Çünki başçı bilir ki, indi ən əhəmiyyətsiz bir səhvi ona çox baha başa gələ bilər. Onu hər an həbs etmək üçün kifayət qədər materiallar əl altındadır və bir göstərişlə həmin materiallar cinayət işi qovluğuna çevrilə bilər.  Odur ki, Xaləddin İsgəndərov özünü qorumaq üçün hər addıma gedir. Amma məsələyə Azərbaycan reallıqları prizmasından yanaşsaq, o zaman Xaləddin İsgəndərovun vəzifədə və ayaqda qalacağı möcüzə kimi görünər. (musavat.com)

Gununsesi.info

COMMENTS