Binəli Yıldırım: “Ağır qəza idi, iki qabırğam sınıb” - YENİLƏNİB + FOTO/VİDEO

“Qəza keçirdiyim andan etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım İstanbulda müalicə aldığı xəstəxanadan evə buraxılırkən jurnalistlərə açıqlamasında bildirib.

Binəli Yıldırım mütəmadi olaraq onun vəziyyəti ilə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü ifadə edib.

13:36

Azərbaycanda yol qəzası keçirən və Türkiyədə Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım evə buraxılıb.

O, xəstəxanadan çıxdıqdan sonra mətbuata açıqlama verib və vətəndaşların, dostların, qohumların duaları sayəsində sağaldığını bildirib.

“Ağır qəza idi. İki qabırğam sınıb. Təəssüf ki, qabırğa sınığı ilə bağlı tədbir görülə bilməz. Bədənin müxtəlif yerlərində əzilmələr var. Bunlar zamanla sağalacaq”, – deyə Yıldırım bildirib.

O, ilk müdaxilənin Azərbaycanda edildiyini, sonra Türkiyədə müalicəsinin davam etdiyini xatırladıb.

“Prezidentimizə minnətdarlığımı bildirirəm. Biz yaxşıyıq, bundan sonra müalicəmiz evdə davam edəcək”, – deyə B.Yıldırım qeyd edib.

10:56

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və partiyanın istanbullu deputatı Şamil Ayrımın vəziyyəti yaxşıdır.

Bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay özünün “Twitter” hesabında xəbər verib.

O, tvitinə Çam və Sakura xəstəxanalarından fotolar əlavə edib.

“Hər ikisini çox yaxşı gördük, şükür. Bir daha sizə ən xoş arzularımı yetirir və tezliklə sağalmağınızı arzulayıram”, – deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Gununsesi.info