Binəqədinin icra başçısı niyə susur?- HÜQUQ MÜDAFİƏÇİSİ ETİRAZ EDİR

  • By admin
  • 23 Dekabr 2020 23:05

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində hər yağış yağanda illərlə göz yumduğunuz, bəslədiyiniz “Məmmədoğulları” Servis-dən gələn çirkab kanalizasiya suları yaşadığımız ərazidə aşıb-daşır.

 

Bundan başqa, bu çirkab sular yaşadığımız evlərin altına dolur. Dəfələrlə sizə məktubla müraciət etsək də, hər zaman min-bir bəhanə ilə ”bu yaxınlarda həll ediləcək” kimi yalanlarınızı eşitməkdən bezmişik.

Gununsesi.info bildirir ki, bunu hüquq müdafiəçisi Zaur Əkbər özünün sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, kanalın yaratdığı fəlakət insanların, xüsusilə də uşaqların həyatı üçün böyük bir təhlükə mənbəyinə çevrilib: “Ərazidə evlərin bir çoxu nəmlikdən çat verib.

 

Bəzi uşaqlar nəmlikdən allergiya və revmatizm kimi xəstlik tapıb. Bilirəm, sizə deyilən, yazılan heç bir müraciətin mənası yoxdur. Ona görə də, İcra başçısı Elxan Allahverdiyev başda olmaqla bu işə məsul olan şəxslərin hamısını ailə üzvlərilə ilə birlikdə həmin əraziyə gəlib, yaşamağa dəvət edirəm.

 

Problem ən qısa zamanda həllini tapmasa, şəxsən Binəqədi Rayon İcra Hakimiyyətini və “Məmmədoğullar” Servisi məhkəməyə verəcəm. Yerli məhkəmələrdə ədalət təmin olunmadığı halda isə ədalətin ali carçısı olan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm”.

Turanə Tağızadə

Gununsesi.info