
Xəbər verdiyimiz kimi, iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.
Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Şəhid Fərman Yaqublu 44 günlük Vətən Müharibəsində iştirak edib.
Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə aktiv iştirak edən qəhrəman gizir Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
F.Yaqublunun atası, Yaqubov Telman Fərman oğlu da Qarabağda şəhid olub.
Şəhid gizirin əmisi Elman Yaqublu bildirib ki, qardaşı və övladının taleyi sanki oxşar yazılıb. Hər ikisi Vətən uğrunda canlarından keçərək ən ali zirvəyə – şəhidlik məqamına ucalıb.
“Qardaşımla oğlunun alın yazısı eyni idi. Qardaşım rəhmətə gedərkən 2 övladı var idi, biri də olacaqdı. Özündən bizlərə yadigar 2 qızı, 1 oğlu qalmışdı. Fərman 28, qardaşım isə 27 yaşında şəhid oldu, alın yazıları bir yazılıbmış. Bir qardaşımın oğlu da Yaqublu Həsən Hüseyn oğlu Vətən Müharibəsindən sonra Şuşada qəzaya düşərək həlak oldu. Qardaşım 1994-cü ildə Füzulinin Qurqan kəndi ətrafında olan döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Ata-bala hər ikisi Bahar qəsəbəsində dəfn olunub”, – Elman Yaqublu söyləyib.
Gununsesi.info