Bir ayda Azərbaycan siqaretdən nə qədər gəlir əldə edib- RƏSMİ

Bir ayda Azərbaycan siqaretdən nə qədər gəlir əldə edib

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2794,6 milyon manata bərabər olub.

Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ticarət dövriyyəsinin 1411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılan məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələyib.

Ərzaq məhsullarının satışından 1 253,4 milyon manat gəlir, içkilər və tütün məmulatlarının satışından 158 milyon manat, əczaçılıq və tibbi mallarının satışından 37,6 milyon manat, avtomobil yanacağından 161,4 milyon manat gəlir əldə edilib.

Avtomobil yanacağının satışından əldə edilən gəlirlər ötən ilin müvafiq dövrünə nisbətdə 0,9 faiz artıb.

Bazar və yarmarkaların ticarət dövriyyəsi azalıb

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar ayında istehlak məhsullarının 14,0 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılıb.

2017-ci ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb. Bazar və yarmarkalar üzrə isə bu rəqəm 0,2 faiz azalıb.

Bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq alıb

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 285,7 manat və ya 2017-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Gununsesi.info

COMMENTS