Bir ayda eyni ştama təkrar yoluxma mümkündürmü?

  • By admin
  • 12 Fevral 2022 14:50

İndiyə qədər yeni növ koronavirus (COVID-19) infeksiyasının virusologiya, klinika və diaqnostikası tam öyrənilməyib. Ən əsas problemlərdən biri isə onun müalicəsidir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, COVID-19-un mutasiyaya uğramış yeni forması “omicron” ştamının tərkibində 30-dan artıq mutasiyaya uğramış amin turşuları var:

“Bir və ya iki ay ərzində bir nəfərin eyni variantla xəstələnməsi mümkün deyil. Zaman keçdikcə koronavirusun mutasiyaya uğraması nəticəsində onun gedişi qrip virusunun gedişi ilə uyğunlaşacaq. Məsələn, “influenza” A tipinin hər hansı subtipi ilə xəstələnirsə, iki aydan sonra digəri ilə xəstələnə bilər. Bir tip üçün yaranan immunitet digəri üçün effektli deyil. Xəstələrin arasında eləsi var ki, COVID-19-a da, “delta” variantına da, indi isə “omikron”a yoluxub. COVID-19-a yoluxduğu halda “delta”ya qarşı immunitet tam formalaşmayıb, müəyyən vaxt keçəndən sonra digər ştama yoluxub. Xəstə bir ştama yoluxduğuna görə digərini daha rahat keçirir, çünki ştamlar genetik olaraq COVID-19-la əlaqədardir”

Həkim infeksiyaya yoluxmuş bəzi xəstələrdə dəri səpgiləri yaranması hallarından söz açaraq deyib:

“Virus infeksiyası artıb çoxaldıqca uşaq vaxtından keçirilən xəstəlikləri yenidən fəallaşdırır. İstər COVID-19, istər “delta, istərsə də “omicron” ştamında dəri səpgilərinin olması xarakterik hal deyil. Həmin halın meydana çıxması ilə orqanizm əvvəllər xəstələrin həkim tövsiyəsi olmadan qəbul etdiyi müxtəlif tərkibli dərman preparatlarına cavab verir. Virusun özündə olan toksinlər orqanizmdə imminotoksik vəziyyət yaradır və xəstəliyin ağır hallarında yanaşı olaraq allergik xəstəliklər varsa, intoksikasiya əlamətləri ilə yanaşı, dəridə səpgilər müşahidə edilə bilər”.

Gununsesi.info