“Bir ildə 33 rayonun özünü maliyyələşməyə keçməsi real deyil” - SABİQ NAZİR

  • By admin
  • 23 Noyabr 2016 14:20
fikret_yusifov_080515
“Gələn ildən bu rayonların sayının 33-ə çatacağını yazan müəlliflər bilməlidirlər ki, iqtisadi və maliyyə çətinlikləri yaşadığımız indiki dönəmdə bu qədər rayonun bir ildə özünü maliyyələşməyə keçməsi real deyil. Ona görə də 2017-ci ilin büdcəsi özündə bütün reallıqları əks etdirməlidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov  növbəti ilin dövlət büdcəsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, gələn il üçün təqdim olunan büdcə daha çox qənaət büdcəsi  adlandırılır. “Əslində belə də olmalıdır. Çünki cari ilin büdcəsinə nisbətən onun gəlirlərinin 867 milyon manat, xərclərinin isə 1 milyard 895 milyon manat azalması nəzərdə tutulur. Növbəti ildə büdcə kəsirinin də əsaslı şəkildə azalması proqnozlaşdırılır. Belə ki, gələn il üçün büdcə kəsiri, bu ilki büdcə proqnozu ilə nəzərdə tutulan 1 milyard 673 milyon manatdan 645 milyon manata endiriləcəkdir. Yəni ümumilikdə büdcə kəsirinin 2,6 dəfəyə qədər və ya 1 milyard 28 milyon manat azaldılması nəzərdə tutulur.
Bəs növbəti ilin büdcəsində daha hansı ciddi dəyişikliklər baş verəcək? Bu büdcə layihəsində təqdim olunan ən böyük yenilik, yerli xərclərin əsaslı şəkildə azalmasıdır. Belə ki, cari ilin Dövlət büdcəsində nəzərdə tutulan 1 milyard 541 milyon manat yerli xərclər, gələn ilin büdcəsində cəmisi 688 milyon manat, yəni bu ildəkindən 853 milyon manat və ya 2,2 dəfə az proqnozlaşdırılır. Nədənsə gələn ilin büdcəsini təhlil edən həmkarlarım bu məsələni tamamilə diqqətdən qaçırıblar”- deyə, iqtisadçı alim vurğulayıb.
F.Yusifovun fikrincə,  gələn ildən bu rayonların sayının 33-ə çatacağını yazan müəlliflər bilməlidirlər ki, iqtisadi və maliyyə çətinlikləri yaşadığımız indiki dönəmdə bu qədər rayonun bir ildə özünü maliyyələşməyə keçməsi real deyil. “Bu rayonların  büdcələrinin gələn ildən etibarən dotasiyasız formalaşmasının kökündə dayanan əsas məsələ, indiyə qədər yerli büdcələrdən maliyyələşən təhsil xərclərinin gələn ildən etibarən mərkəzləşdirilmiş qaydada maliyyələşdirməyə keçirilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, təhsil xərclərinin yerli büdcələrin ümumi xərclərində xüsusi çəkisi kifayət qədər böyükdür. Bəzi rayonlarda bu xərclər ümumi büdcə xərclərinin 70 faizindən çoxunu təşkil edir.  Eyni qayda ilə yerlərdə mədəniyyət şöbələrinin ləğvindən və regional mədəniyyət şöbələrinin yaradılmasından sonra, gələn ildən etibarən mədəniyyət  xərcləri də mərkəzləşdirilmiş qaydada maliyyələşdiriləcəkdir”.
Sabiq nazir onu da bildirib ki, Naxçıvan büdcəsinə gələn il üçün mərkəzdən verilən dotasiyanın həcmini başqa rayonlara ayrılan dotasiyanın həcmi ilə müqayisə etməyə cəhd göstərənlər isə bilsinlər ki, Naxçıvanın Muxtar Respublika statusu və blokada şəraitində yaşaması kimi reallıqlardan çıxış edilərək Naxçıvan Muxtar Respublikası üzrə təhsil xərclərinin 2017-ci ildə yerli büdcələrdən maliyyələşdirilməsi nəzərdə tutulur: “Buna görə də Naxçıvana ayrılan dotasiyanın əsas hissəsi məhz yerli büdcələrdən təhsil xərclərinin maliyyələşdirilməsini təmin etmək üçündür.
Rayonların bundan sonra real olaraq özünü maliyyələşdirməyə keçməsi isə bu günün ən aktual məsələsidir. Son çıxışlarında Dövlət başçısı bundan sonra yerli icra hakimiyyətlərinin fəaliyyətinə məhz rayonun iqtisadi sahədə əldə edəcəyi göstəricilər əsasında qiymət veriləcəyini bəyan edib”.
İqtisadçı alim hesab edir ki, artıq hər bir rayonun özünü maliyyələşməyə keçməsinin konkret müddətlərini müəyyənləşdirməyin vaxtı çatıb: “Belə olduqda yerlərdə hər bir icra hakimiyyətinin rəhbərliyi bütün səylərini bilavasitə bu məsələlərin həllinə yönəldəcək. Nəticə etibarilə regionlarda istehsal artacaq, yerli büdcələrin mədaxil bazaları möhkəmlənəcək, işsizlik problemi həll ediləcək və bütövlükdə ölkə iqtisadiyyatının neftdən asılılığı optimal həddə enəcəkdir”.
Mürtəza
Gununsesi.info