Bir ildə ağciyər xərçəngindən 25 min insan həyatını itirdi

  • By Günel
  • 03 Noyabr 2024 18:12

Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə bir il ərzində əsas səbəbi tütün və tütün məmulatlarının istifadəsi olan 31 min insana ağciyər xərçəngi diaqnozu qoyulub və 25 min insan bu səbəbdən dünyasını dəyişib. Ağciyər xərçəngi görülmə nisbətinə görə kişilərdə birinci, qadınlarda isə ikinci yerdədir.

Gununsesi.info Milliyet -ə istinadən xəbər verir ki, nazirliyin 1-30 Noyabr Ağciyər Xərçənginə Qarşı Maarifləndirmə Ayı münasibəti ilə bu sahədə apardığı araşdırmalardan toplanan məlumata görə, dünyada ağciyər xərçəngi kişilərdə ən sıx, qadınlarda isə süd vəzi xərçəngindən sonra ikinci sırada ən çox görülən xərçəng növüdür.

Dünyada və Türkiyədə 2022- ci ildə ağciyər xərçənginə təxminən 2,5 milyon insanın yoluxduğu, 1,8 milyon insanın isə öldüyü təxmin edilir.

Türkiyədə kişilərdə ən çox görülən xərçəng növü arasında ilk sırada olan ağciyər xərçəngi, hər 100 min kişidən orta hesabla 55-də, qadınlarda isə hər 100 kişidən 11-də ortalama görülmə ilə beşinci sırada yer alır.

Tütün və tütün məmulatlarının istifadəsi xüsusilə ağciyər xərçəngi üçün ən əhəmiyyətli risk faktorudur. Türkiyədə aparılan bir araşdırmanın nəticələrinə görə, tütün və tütün məmulatlarından istifadə nəticəsində ağciyər xərçənginə tutulma nisbəti kişilərdə təxminən yüzdə 90, qadınlarda isə yüzdə 43-dür.

Tütün və tütün məmulatı istehlakının azalması ilə ağciyər xərçənginə tutulma halları da azalır. Ağciyər xərçənginin digər mühüm səbəbləri arasında asbest, ağır metallar və havanın çirklənməsi, ikinci əl tüstüsü və radon kimi ətraf mühitin risk faktorlarına məruz qalma yer alır.

Keçməyən və ya kəskinləşən öskürək, öskürərkən qan və ya qanlı bəlğəm gəlməsi, dərindən nəfəs aldıqda güclənən sinə ağrısı, iştahsızlıq, halsızlıq, yorğunluq və kilo itkisi, təngnəfəslik ağciyər xərçənginin əsas simptomlarıdır.

Xəstəliyə fiziki müayinə, döş qəfəsinin rentgenoqrafiyası, kompüter tomoqrafiyası, bronxoskopiya, biopsiya kimi üsullarla diaqnoz qoyulur və müxtəlif faktorlar nəzərə alınmaqla cərrahiyyə, radioterapiya, kimyaterapiya və immunoterapiya kimi müxtəlif müalicə üsulları istifadə edilir.

Profilaktik tədbirlər və erkən diaqnoz ağciyər xərçəngi ilə mübarizənin ən kritik mərhələləridir. ÜST tərəfindən nəşr olunan Ağciyər Xərçəngi 2023 Hesabatında da bildirilir ki, ağciyər xərçənginin qarşısının alınması proqramları bu iki məqama diqqət yetirməlidir.

Günel Həsənova 

Gununsesi.info