“Bir nəfər də olsun şübhəli şəxs qismində saxlanılmayıb…” Mərhum Rafiq Tağının qardaşı Prezidentə müraciət etdi

  • By admin
  • 26 Sentyabr 2016 13:21

rafiq

”Bizim ailə olaraq hər hansı müraciətimiz də vaxtaşırı protokol cümlələri ilə daim ”yola verilib”
2011-ci ilin noyabrında qətlə yetirilən yazıçı-jurnalist Rafiq Tağının qardaşı İlqar Tağıyev prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, İlqar Tağıyev prezidentin qardaşı Rafiq Tağının qətli ilə bağlı cinayətin operativ və obyektiv araşdırılması, qatillərin tez bir zamanda tapılaraq qanunla mühakimə olunması göstərişini xatırladaraq bildirib ki, hadisədən 5 ilə yaxın vaxt keçsə də, istintaq göstərişlərini yerinə yetirməyib:

“Nəinki qatillər tapılmayıb, hətta heç bir nəfər də olsun şübhəli şəxs qismində saxlanılmayıb, xəstəxanada 3 gün ərzində qardaşımın sağlamlıq durumuna, yaşamaq şansına cavabdeh olmalı həkimlər belə heç bir məsuliyyətə cəlb edilməyiblər. Ötən müddətdə istintaq orqanlarının fəaliyyət hərəkətsizliyi görünməmiş dərəcədə özünü sərgilədi. Bizim ailə olaraq hər hansı müraciətimiz də vaxtaşırı protokol cümlələri ilə daim “yola verilib”. Cənab Prezident, biz ailə olaraq bu cinayət əməlinin üstünün nə vaxtsa açılacağına az da olsa ümidliydik. Ümid edirdik ki, cinayətkar gec, ya tez tapılıb, cəzalandırılacaq. Gecikməyinin səbəbini hadisənin qaranlıqda baş verməsilə, kameralarda həqiqətən də qeydə olunmamasıyla əlaqələndirirdik… Lakin son iki ildə şəxsən üzləşdiyim açıq dələduzluq faktıyla əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və ardıyca da Ağır Cinayətlər Məhkəməsinin işin istintaqına qeyri obyektiv, açıq qərəz nümayiş etdirməsini ailəmizə qarşı mənəvi-maddi repressiya hərəkəti kimi, qardaşıma qarşı sui-qəsdin məntiqi davamı olaraq dəyərləndirirəm. Aşkar baş vermiş və “iki vur iki” kimi sadə həlli olan cinayət əməlini “görə bilməyən” istintaqın qaranlıqda baş vermiş cinayət əməlini ifşa edəcəyinə artıq inanmaq mümkün deyil. Bu, ya istintaqı aparanların ifrat korrusiyaya qurşanmalarına, ya hər iki cinayəti özlərinin birbaşa himayə etmələri, ən yaxşı halda ifrat səriştəsiz olmaları qənaətinə gəlməyə vadar edir”.

İlqar Tağıyev 2014-cü ilin 27 iyulundan bir qrup dələduz vasitəsilə mütəşəkkil cinayət faktıyla üzləşdiyini iddia edərək bildirib ki, mənzil şəraitini yaxşılaşdırmaq üçün 100000 (yüz min) manatını 5 nəfərdən ibarət cinayətkar qrup saxta sənədləşmə yoluyla onu aldararaq alıblar: “Nəticədə 4 nəfər kənarda qalmaqla, məsuliyyəti “Daglar” MTK-nın sabiq sədri Ş.Əliyev üzərində fokuslayaraq, onu həbs ediblər və dələduzluq yoluyla 5 nəfərin mütəşəkkil cinayət yoluyla mənimsədiyi məbləğ qaytarılmayıb. Onlar cinayət məsuliyyətindən kənarlaşdırılıblar və istintaq məbləğin qaytarılması, bu adamların cəzalandırılması şansını da yox dərəcəsinə endirib. Bu qanunsuzluq zəncirinin yaxın bir ay müddətindəBakı Apellyasiya Məhkəməsində tamamlanması gözlənilir… Nəticə etibarilə mən 2 ildir ki, mənzilsiz qalmışam və maddi-mənəvi sıxıntılara məruz qalmışam”.

“Son ümid yeri kimi şəxsən Sizi bilərək, bu müraciətimlə əlaqədar olaraq, ailəmizin üzləşdiyi faciəli ölüm faktı və mənim şəxsən üzləşdiyim evsiz qalmağımla nəticələnmiş mütəşəkkil dələduzluq faktıyla bağlı hər hansı ölçü götürməyinizi və şəxsi nəzarətinizlə hər iki iş barədə müstəqil istintaq qrupu yaradılması üçün müvafiq göstəriş vermənizi xahiş edirəm”-deyə, İlqar Tağıyev müraciətini tamamlayır.

Müraciətin surəti baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ədliyyə naziri Fikrət Məmmədova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə də göndərilib.

Gununsesi.info