“Bir sıra QHT-lər Azərbaycan ilə Aİ arasında gedən proseslərə zərbə vurmağa çalışır” - AZAY QULİYEV

  • By admin
  • 17 Noyabr 2017 13:00

“Azərbaycan ilə Avropa İttifaqı arasında keçirilməsi planlaşdırılan 5-ci “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

A.Quliyev bildirib ki, bir qrup beynəlxalq QHT-lər Azərbaycana qarşı yenidən fəallaşıb. Deputat qeyd edib ki, həmin QHT-lər Azərbaycan ilə Aİ arasında gedən proseslərə zərbə vurmağa çalışırlar: “Hər dəfə Azərbaycan ilə Avropa İttifaqı arasında mühüm proseslər baş verəndə QHT-lərin həmin şəbəkəsi fəallıq göstərir. Əgər onların siyahısına nəzər salsaq görərik ki, bəlli təşkilatlardır və hansısa qüvələr tərəfindən yönəldilirlər. Bu təşkilatlar arasında “PİN” adlı bir təşkilat var ki, Dağlıq Qarabağ münaqişəsinin fəal dövründə azərbaycanlı əsirlərin daxili orqanlarını satmaqla məşğul idi. Azərbaycanla Avropa İttifaqının arasını vurmaq istəyən belə QHT-lər bu həssas məqdamda da Azərbaycana qarşı kampaniyanı davam etdirirlər”.

A.Quliyev ümid etdiyini bildirib ki, belə QHT-lərin fəaliyyətinə baxmayaraq, Azərbaycan ilə Aİ arasında münasibətlər dərinləşəcək: “Ümid edirəm ki, münasibətlər daha da dərinləşəcək və biz qarşıya qoyulan məqsədlərə nail olacağıq”.

Mürtəza

Gununsesi.info