Birinci qrup əlil ədalətsizliyin qurbanı olub -ETİRAZ

  • By admin
  • 17 Noyabr 2016 00:14

rauf

Həbsdə olan 1-ci qrup əlil Rauf Sultanov 3 gündür ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyasına başlayıb. Bu barədə Raufun bacısı Aynur Sultan Gülişıq məlumat yayıb.

“Hazırda Raufun vəziyyəti yaxşı deyil. Qardaşımın başına bir iş gələrsə, Azərbaycan hökuməti buna cavab verməlidir. R. Sultanovun vəkili cənab Elçin Sadıqov Raufla görüşdükdən sonra nəyə görə aclıq etdiyinin səbəbini biləcəyik. R. Sultanovun saxta ve uydurma cinayət işi ilə əlaqədar bugünədək həbsdə qalmasına dair yaxın günlərdə ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyası keçirəcəyik. Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə 22 noyabr 2016-ci il tarixində məhkəmə prosesi olacaqdır. Məhkəmənin saxta cinayət işi ilə baglı verəcəyi qərarın ədalətli olacağına ümid etmirik. Belə ki, Ali Məhkəmənin mövqeyi Bakı Apellyasiya məhkəməsinin 7 iyun 2016-cı il tarixli qanunsuz qərarını qüvvədə saxlayacaqdır. Artıq işin Avropa məhkəməsinə getməsinə sayılı günlər qalıb”, – Rauf Sultanov ABŞ-da yaşayan bacısı Aynur Sultan Gülişıq bildirib.

Xatırladaq ki, R.Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Rauf Sultanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.