
Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə təşkil olunan növbəti səyyar görüşlərdən biri rayonun Birinci Şıxlı kənd sakinləri ilə keçirilib. Bugünkü görüşdə Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da iştirak edib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Son 3 ildə Qazaxda bütün sahələr üzrə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən icra başçısı hazırda rayonda görülən işlərdən söhbət açıb. Su-kanalizasiya sisteminin yenidən qurulmasını, 10 korpusdan ibarət 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunda aparılan son tamamlanma işlərini misal olaraq göstərib.
Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini qeyd edən rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsini bildirib. Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını vurğulayıb.
Sakinlərdən ağsaqqal Şəmşəd İbrahimov, Fazil Süleymanov, Eldar Əliyev, Məmməd Məmmədov, Məhərrəm Bəşirov, Birinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Kətanə Alıyeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə, rayonda, eləcə də kəndlərdə görülən işlərə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Sakinlər onları narahat edən bir sıra məsələləri – kəndin arasından keçən magistral avtomobil yolunun işıqlandırılması, kənd ərazisində qəzalı vəziyyətdə olan köhnə elektrik dayaqlarının dəyişdirilməsi, kənd qəbiristanlığının ətrafına metal torun çəkilməsi və digər müxtəlif səpkili məsələləri qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Bəzi məsələlərlə bağlı yerindəcə tapşırıq verib.