“Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı son dövrün ən önəmli hadisəsi olub” - ZAKİR QARALOV

  • By admin
  • 30 Sentyabr 2017 10:00

Zakir_Qaralov

“Ötən bir il respublikamızın ictimai-siyasi və sosial iqtisadi həyatında mühüm əhəmiyyətə malik əlamətdar hadisələrlə zəngin olub. Onlardan ən əhəmiyyətlisi Konstitusiyaya ümumxalq səsverməsi – referendumla edilən, 12 oktyabr 2016-cı il tarixdən rəsmi dərc edilməklə qüvvəyə minmiş dəyişikliklər olub. Konstitusiyaya dəyişikliklər mahiyyətcə dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olaraq ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət edib”.

Gununsesi.info xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov”Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Baş prokuror xüsusi olaraq qeyd edib ki, referendum aktı ilə təsis edilmiş birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı son dövrün ən önəmli, ölkənin bu günü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyərə malik mühüm hadisəsi olub: “Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə təşkilat komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırıb. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir”.

Gununsesi.info