“Birlikdə daha güclü mübarizə apara bilərik” - Qənirə Paşayeva (FOTO)

  • By admin
  • 04 Noyabr 2016 15:16

qeniretu

Millət vəkili Qənirə Paşayeva  Türkiyənin Onikişubat Bələdiyyəsində Qarabağ problemi ilə bağlı məruzə ilə çıxış edib.  

Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin Onikişubat Bələdiyyəsinin təşkil etdiyi “İstiklalden İstikbale” adlı tədbirdə çıxış edən millət vəkili Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif  bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq,  bunun vacibliyindən geniş danışıb.

Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, tanınmış sənət adamları, KİV nümayəndələrinin qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva: “Türk dünyası aydınlarına səslənib, topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik, eləcə də  bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”-, deyib.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva  “Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”-,  deyib.  Millət vəkili Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq,  hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşür. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”-,  deyə millət vəkili vurğulayıb.

Q.Paşayeva tədbir çərçivəsində Onikişubat Bələdiyyə başqanı, bölgənin fəal ziyalıları, QHT və KİV rəhbərləri, tədbirdə iştirak edən tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.

qeniret qeniretur

Gülnaz Qənbərli

Gununsesi.info