“Bitkoinin investorlar üçün cəlbedici olması, qiymətli kağızlar bazarında risklər yaradır”- RƏŞAD HƏSƏNOV

“Bitkoinin investorlar üçün cəlbedici olması, qiymətli kağızlar bazarında risklər yaradır”

ABŞ-ın Federal  Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen Bitkoin kriptovalyutanı yüksək spekulyativ aktiv adlandırıb. Onun sözlərinə görə, Bitkoin bu gün çirkli pulların yuyulmasında istifadə oluna bilər.

Qeyd edək ki, Mərkəzi Bankların kriptovalyutalarla bağlı münasibəti birmənalı deyil. Buna baxmayaraq, birjalarda kriptovalyutaların dəyəri  yüksəlir və ona tələbat artıb. Artıq bir sıra böyük istehsalçı şirkətlərin valyuta mübadiləsinİ Bitkoinla aparması bu bazarı daha da alovlandırıb. Bir sıra ekspertlərin öngörmələrinə əsasən, bu, digər yatırım sahələrinə, xüsusilə, qiymətli kağızları bazarına mənfi təsiri qaçılmazdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti  Rəşad Həsənov Gununsesi.info-ya açıqlamasında bildirdi ki, Bitkoinin gəlirliliyi mübahisəli hesab olunur: “Bir sıra maliyyə təşkilatlarının Bitkoinin gələcəyinə münasibətləri birmənalı deyil.  FED rəhbərinin son açıqlamasından da görünür ki, kriptovalyutalara qarşı mühafizəkar mövqedədirlər. Nəzərə alsaq ki,  Bitkoində gizlilik əsas hesab olunur və ona qarşı cəlbedicilik də bundan qaynaqlanır, o zaman cinayətkar qrupların pulyuma imkanları genişlənir.

Mərkəzi  Bankların narazılıqlarına baxmayaraq, Bitkoinə qarşı yatırımçıların maraqları yüksək səviyyədədir”.

R.Həsənov deyir ki, Bitkoinin hazırkı dövriyyəsi 200-250 milyard dollar ətrafındadır və  onun yaxın gələcəkdə daha geniş bazarlara çıxması şansı yüksəkdir:  “BP şirkəti də bəyan etdi ki, yaxın gələcəkdə alqı-satqı prosesində Bitkoinlərdən istifadəedə bilərlər.  Buna üstünlük yaradan səbəblərdən biri də çox asan tədavül vasitəsi olması, əlavə sənədləşdirmələrə ehtiyac qalmamasıdır.  Böyük şirkətlərin eyni zamanda  bu prosesə qoşulmasının əsəs nədəni  trenddən kənar qalmaq istəməmələridir”.

İqtisadçıya görə, Bitkoinin arxasında hər hansı bir iqtisadi və hüquqi güc dayanmır, cavabdehlik çox aşağı səviyyə təmin olunub.  Lakin buna baxmayaraq, investorların bu sahəyə marağı artmaqdadır: “Onun qiymətindəki sürətli  dəyişiklik  Bitkoini daha da cəlbedici edib”.

Ekspertlərin sözlərinə görə,  Bitkoinə maraq artıqca, digər alternativ investisiya vasitələrinə maraq azalacaq: “Burada qiymətli kağızlar bazarı daha çox diqqət mərkəzində olacaq. Əmtəə və qızıl bazarında yatırımlar real bazara hədəfləndiyi  üçün burada kəskin dəyişikliklər gözlənilmir. Amma səhm, qiymətli kağızlar bazarında tələbin aşağı düşməsinə yol aça bilər. Bitkoinin investorlar üçün daha cəlbedici olması, qiymətli kağızlar bazarında risklər yaradır”.

Vüsalə Rüstəmova    

Gununsesi.info

COMMENTS