Biz ayrılanda…

  • By admin
  • 09 Oktyabr 2022 17:08

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

Asan deyildi… ortada 30 ilin böyük bir ayrılıq intervalı vardı. Görən tanıyacaqmı məni deyə içimdən qəribə bir duyğu keçdi. Sonra da axı adam adamı tanıyar dedim. Bura isə ruhumun aid olduğu məkan idi-bura Şahbulaq idi…
Ağdam-30 il ərzində daşları bir-bir sökülmüş, satılmış, hətda ağacları bir-bir kəsilmiş, məscidində donuz saxlanılmış, övladları ilə bərabər özü də şəhid olmuş şəhərim, şəhid olmuş kəndim… İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılmış müqəddəs diyarım… Erməni təcavüzünün, erməni barbarlığının bariz nümunəsi idi bu mənzərə-mənim şəhərimi yer üzündən silmişdilər… necə ki, yaşamaq haqqım olan uşaqlığımı, gəncliyimi əllərimdən almışdılar… Minlərlə Azərbaycan uşağının, gəncinin yaşadığı bir tale idi bu. Müxtəlif sosial formlarda Qarabağın onlara aid olduğunu deyən ermənilər, gəlin də göstərin bu torpaqların hansı daşı, hansı otu, hansı çiçəyi sizə aiddir? Hansı xatirələriniz qalıb buralarda? Ona görəmi bu şəhəri şəhid etdiniz?! İnsan ona aid olana necə qıya bilər axı?

Qarabağın döyünən qəlbini susdurdunuz 30 il əvvəl. Qarabağın mədəniyyətini məhv etdiniz 30 il boyunca. Yadımdadı hələ işağaldan 10 il keçmişdi, beynəlxalq konfransda erməni gənci ilə mübahisə edən iş yoldaşım ümidsizcəsinə dedi ki, çətin dönə bilək oralara. Yox dedim, əminəm ki, öləndə doğulduğum o torpaqlarda dəfn edəcəklər məni… o qədər ümidliydim, o qədər inamlıydım… Çünki qanı və canıyla bu Vətəni, bu xalqı sevən liderimizin, cənab Prezidentin siyasi manevrlərini dərindən izləyirdim, təhlil edirdim-bütün bunlar içimdəki o böyük və qırılmaz ümidi yaratmışdı… Və biz döndük… ruhumuzla, qanımızla, canımızla, ölümə meydan oxuyaraq… Azərbaycanın son yüzilliyinin qüdrətli Prezidenti və rəşadətli ordusuyla döndük.
Asan deyildi… arada 30 ilin ayrılığı vardı axı… ruhumu qoyub gəldiyim diyar- Şahbulaq çox dəyişmişdi, gözəlliyi sozalmışdı, evləri dağılmış, viran edilmişdi, yaşıl bağları yanmışdı, dağları yıpranmışdı, bulağın suyu belə axarını dəyişmişdi… tək qalan şey yovşanlar idi… əlimi uzadıb bir tutam yovşan qopardım-bəlkə bu
qoxuyla tanıyaq deyə bir-birimizi…
Maşının radiosunda cənab Prezidentin çıxışını verirdilər-bu torpaqların gerçək sahibləri gəlib deyirdi… 30 il ürəyimizdə yığılıb qalan duyğuları misralara, kəlimələrə çevirirdi, biz bu torpaqları dirçəldəcəyik deyirdi… bu xalq da əsrlər keçsə də bu xidmətinizi unutmaz deyirəm cənab Prezident… Xalqın yaddaşı silinmir…

Vəsilə Möhsümova,
Fəlsəfə üzrə Fəlsəfə Doktoru,
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi