“Qalib xalq bütün zamanlarda qalibiyyət içində yaşamağa məhkumdur” - Mübariz Mənsimov

“Palmali” Şirkətlər Qrupu 8 noyabr – Zəfər Gününü qeyd edib.

Gununsesi.info xəbər verir ki, Qarabağda əldə etdiyimiz qələbənin birinci ildönümünə həsr olunan mərasimdə “Palmali”nin rəhbəri Mübariz Mənsimov çıxış edib.

M.Mənsimov bildirib ki, müdrikliklə yürüdülən xarici siyasət, hərbi-strateji kurs, eyni zamanda Azərbaycan cəmiyyətində hökm sürən yüksək vətənpərvərlik ruhu bizi nəticədə Zəfərə gətirdi:

“Zəfərin mübarək, əziz Azərbaycan! Zəfərin mübarək, əziz Azərbaycan xalqı! Zəfərin mübarək, doğma Vətənim! Biz artıq qələbəmizi Cıdır düzündə qeyd edirik. Şanlı üç rəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Zəngilanda, Füzulidə, Ağdamda, Cəbrayılda, Laçında, bir sözlə, bütün Qarabağda dalğalanır. Qarabağ azaddır, Qarabağ Azərbaycandır! Biz bütün dünyaya dəmir yumruğumuzu göstərdik. Göstərdik ki, Vətən çağıranda biz birləşir və həyatımız bahasına torpaqlarımızı düşmənlərdən 44 gün ərzində azad edirik. Ali Baş Komandanımız, qüdrətli və müzəffər ordumuz, həmçinin qardaş ölkələrin mənəvi dəstəyi sayəsində Azərbaycan tarixinin yeni və ən parlaq səhifələrindən birini yazdıq.

Heç şübhəsiz ki, bu böyük və sarsılmaz qardaşlığın – Türkiyə-Azərbaycan qardaşlığının qələbəsidir. Zəfər yolumuz şəhidlərimizin qanı hesabına salındı. Hər birinin müqəddəs ruhu qarşısında baş əyirəm, bu yolda qazi dərəcəsinə yüksəlmiş qardaşlarıma möhkəm cansağlığı arzulayıram. Eşq olsun Azərbaycan Respublikasının Ali Baş Komandanına. Eşq olsun Azərbaycanın müzəffər ordusuna. Eşq olsun qalib ölkənin qalib vətəndaşlarına. Biz bu qələbə irsini əbədi yaşadacaq, gələcək nəsillərimiz isə bu ənənəni mütləq davam etdirəcəklər. Qalib xalq bütün zamanlarda qalibiyyət içində yaşamağa məhkumdur, çünki qalibdir”.

Gununsesi.info