“Beynəlxalq ictimaiyyət və Ermənistan hakimiyyəti Cənubi Qafqazda yaranan yeni reallıqla barışmalıdır. Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək öz torpaqlarını işğaldan azad edib”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Fransa və Rusiya Ermənistanda olan revanşist qüvvələri dəstəkləməyə davam edir: “Bu məsələdə xristian dininə mənsub olan fövqəlgüclərə ümid bağlamaq o qədər də etibarlı deyil. Rusiya Ermənistana yenidən hərbi cəhətdən yardım etməyə başlayıb və guya onların darmadağın olmuş ordusunu quracaqlar. Dünyada yeni sistemin formalaşmasını, millətlər arasında etimadın və qarşılıqlı əlaqələrin düzəlməsini istəyən dairələr bu məsələdə birmənalı prinsipial mövqe tutmalıdır”.
Q.Hüseynli vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir: “Bəzi kənar qüvvələr Azərbaycanın daxilində yeni münaqişə ocaqları yaratmaq istəyirlər, ancaq istəklərinə nail ola bilməyəcəklər. Müstəqilliyimizi qazandıqdan sonra bəzi ölkələrin təhriki ilə separatçı erməni qüvvələri Qarabağı işğal etmişdilər. Müzəffər Azərbaycan Ordusu isə 28 illik həsrətə son qoyub torpaqlarımızı işğaldan azad etdi. Ordumuz 27 sentyabrda düşmənin təxribatlarına cavab olaraq əks-hücuma keçib onları ərazilərimizdən qovdu. Azərbaycan illərlə davam edən münaqişəni bitirib. Ermənistanı dəstəkləyən Rusiya və Fransa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Müxtəlif qurumlar ərazi bütövlüyümüzü tanımaları barədə bəyanatlar veriblər. Biz bütün prosesləri öz xeyrimizə dəyişmişik”.
Gununsesi.info